İnstitutumuzun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Usub qızı Hüseynovanın “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı sayında (s.51-62), “Milli cinayət qanunvericiliyində ekoloji cinayətlər: inkişaf tarixi və müasir vəziyyəti” adlı məqaləsi dərc olunub.
Məqalədə müəllif ekoloji cinayətlərə görə məsuliyyət müəyyən edən cinayət hüquq normalarını təhlil etmiş, qanunvericilik sisteminin formalaşması tarixinə diqqət yetirmişdir. Belə ki, 1922-ci il Azərbaycan İctimai Şura Cümhuriyyətinin Cəza Məcəlləsinin “Təsərrüfat cinayətləri” adlı 4-cü fəslində, 1927-ci il Azərbaycan İctimai Şura Cümhuriyyətinin Cəza Məcəlləsinin “Təsərrüfat cinayətləri” adlı 5-ci fəslində, 1960-cı il Azərbaycan SSR Cinayət Məcəlləsinin “Təsərrüfat cinayətləri” adlı 6-cı fəslində və nəhayət 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” adlı 28-ci fəslində təsbit olunan cinayət hüquq normaları geniş araşdırılmışdır.
Müəllifin araşdırması zamanı məlum olmuşdur ki, əvvəlki cinayət qanunvericilikləri ilə müqayisədə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixdə qəbul edilmiş Cinayət Məcəlləsində ekoloji cinayətlərlə bağlı olan kriminal təzahürlərə görə mükəmməl tərkiblər müəyyənləşdirilmişdir. Bununla belə Cinayət Məcəlləsi qüvvəyə mindikdən sonra ekoloji cinayətlərlə bağlı olan əməllərə görə məsuliyyət nəzərdə tutan tərkiblər daha da təkmilləşdirilmiş və ya Cinayət Məcəlləsində nəzərdə tutulan tərkiblərə bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Bütün bunlar onu göstərir ki, ekoloji cinayət kimi təhlükəli bir kriminal təzahürlə mübarizədə cinayət qanunvericiliyi mürəkkəb və çətin bir yol keçmişdir. Tarixi təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ekoloji cinayətlərə görə məsuliyyət müəyyən edən mükəmməl normalar müəyyən etmişdir.
Yeni Cinayət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar Azərbaycanın milli cinayət qanunvericiliyinin ən yeni inkişaf tarixi ekoloji cinayətlərə qarşı mübarizədə müasir və təsirli cinayət hüquq vasitələri və mexanizmləri əldə etmişdir.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.