C.Süleymanovun və Ş.Həsənovanın həmmüəllifliyi ilə “Süni intellekt və mühakimə icraatı: problemlər və tendensiyalar” adlı məqalə dərc olunub

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri h.ü.e.d., professor Cavanşir Süleymanovun və aparıcı elmi işçi, h.ü.f.d., dosent Şəlalə Şakir qızı Həsənovanın birgə həmmüəllifliyi ilə “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı buraxılışında “Süni intellekt və mühakimə icraatı: problemlər və tendensiyalar” başlıqlı məqaləsi dərc olunub.
Məqalə süni intellekt və mühakimə icraatının qarşılıqlı əlaqəsi məsələlərinə həsr edilmişdir. Müəlliflər tərəfindən sərgilənən mövqeyə görə, mühakimə icraatı məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinin müxtəlif prosedurlarda və qaydalarda təzahür olunan zahiri formasıdır. Məhkəmələr ədalət mühakiməsini məhz mühakimə icraatı vasitəsilə həyata keçirirlər. Süni intellektin anlayışına gəlincə, məqalədə qeyd edilir ki, hazırda intellektin bir-birindən prinsipial şəkildə fərqlənən yüzlərlə anlayışına rast gəlmək mümkündür və bu, hələ həmin anlayışların bir elm hüdudlarında tədqiq edildiyi zaman mövcud olan vəziyyətdir. Süni intellektin anlayışı ilə vəziyyət də eynidir. Bununla belə, müəlliflər belə bir mövqedən çıxış edirlər ki, insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi sistemdir. Süni intellekt insan intellektinin, yəni təbii intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılır və inkişaf etdirilir. Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində süni intellektin rolu böyükdür. Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış sahədir, onun çoxlu sayda sahələri vardır. Məqalədə dəstəklənən yanaşmaya görə, süni intellektdən mühakimə icraatında da istifadə edilməsi mümkündür. Bununla belə, qeyd edilir ki, mühakimə icraatında süni intellektdən istifadə edilməsi problemi vicdan, iradə, emosiyalar, temperament, xarakter, empatiya, hiss, təxəyyül və s. bu kimi anlayışlarla ayrılmaz əlaqədədir. İddia etmək olar ki, mühakimə icraatında süni intellekt təbii intellektin subyektiv elementlərini istisna etmək, yaxud minimuma endirmək üçün zəruridir. Təbii intellektin subyektiv elementləri dedikdə, ilk növbədə, işin konkret nəticəsində maraqlı olma, korrupsiyaya məruz qalma, hətta məişət səviyyəsində obyektivliti və ədalətliliyi istisna edən digər “təbii” səbəblər başa düşülür. Süni intellektin işlənib hazırlanmasına həsr edilmiş bütün tədqiqatlarda vicdan və ədalət anlayışları üçün yer tapılmamışdır, halbuki onlar olmadan süni intellekt orijinal intellekti də geridə qoya bilər, korrupsiya və özbaşınalığın daha ağır və yeni formalarını yarada bilər.

Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 480

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ