“QƏDİM AKKAD VƏ TÜRK DİLLƏRİ ARASINDA BAĞLAR. AKKAD DİLİNDƏ TÜRKCƏNİN İZLƏRİ” tədqiqatinin təqdimati

14 yanvar 2016-cı il tarixində AMEA İnsan Hüquqları Elmi-Tədqiqat İnstitunun elmi işçisi Elşad Əlilinin uzun illər çalışmalarının nəticəsi olan "Qədim Akkad və Türk Dilləri Arasında Bağlar və Akkad Dilində Türkcənin İzləri" tədqiqatının elmi-praktik seminarı keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru  Lalə Əhmədova açmışdır.

L.Əhmədova çıxışında Akkad dilinin 2000 ildən artıq tarixi  dövr kəsimində Babilistanın və Qədim Assuriyanın rəsmi dili olduğunu vurğulamış, Babil və Assurdan başqa Qədim Misir, Xett dövləti, və Mesopotamiyanın ətrafında olan digər dövlətlər öz aralarında yazışmada akkad dilinin ədəbi Babil dialektindən istifadə olunduğunu da qeyd etmişdir. Bu araşdırmada əsas məsələ akkad dili mətnlərində yüzlərlə türkcə sözlərin varlığını əyani şəkildə aşkar olunaraq elmi ictimaiyyətə təqdim olunmasıdır. Akkad dilinin ən erkən Babil dövründən başlayaraq (m.ö. 25-21 əsrlər) mətnlərdə bariz türkcə kəlmələr yer almaqdadır. Əsas məsələlərdən biri də budur ki, bu türkcə kəlmələrin bəziləri bu gün ancaq Azərbaycan türkcəsində işlənir.

Akkad dilindəki türkcə sözləri indiyə qədər kimsənin bu şəkildə tədqiq etmədiyini, bu yazıdakı örnək çəkilən türkcə kəlmələri heç bir türkoloq, ya da dilçi alim şübhə altına ala bilməz. Bu onu göstərir ki, 5000 il əvvəl Mesopotamiya, Anadolu və Azərbaycanda türk dilinin daşıyıcıları varlıqlarını sürdürmüşlər. Çünki bir dilin daşıyıcıları olmasa, o dildən digər bir dilə sözlər, ifadələr keçməz. Akkad mətnlərində isə türk dilindən alınma yüzlərlə söz və termin vardır. Akkad mətnləri çox geniş çaplıdır və böyük coğrafiyanı əhatə edir. Bu mətnlərdə hətta iki türkcə söz birləşməsindən yaranan terminlər də yer almışdır. Bu da mühüm göstəricidir. Bundan başqa akkad dili alınmış türkcə kök sözlərin üzərinə semi dillərinin qrammatik qaydaları tətbiq edərək yeni sözlər və terminlər törətmişdir. Demək olar ki, alınmış hər türkcə sözdən bir neçə yeni kəlmə yaranmışdır.

Bu elmi və tarixi faktlar Altay nəzəriyyəsinin üzərindən xətt çəkir. Altay nəzəriyyəsinə görə türk dili monqol, tunqus, kore və yapon dilləri ilə bir ailə təşkil edir. Və türk dili 2000-2200 il əvvəl indiki Monqolustan və Şimali Çin hüdudlarında meydana çıxmışdır. Daha sonra bu dilin daşıyıcıları olan köçəri hunlar və göytürklər qərbə doğru  irəliləyərək guya hind-avropa dillərində danışan yerli xalqlara bu dili aşılamış, sonra da özləri bu xalqların içində əriyib getmişlər. Sovet və indiki Rusiya türkoloqlarının bir çoxu bu nəzəriyyədən yola çıxırlar. Bu nəzəriyyənin də tərəfdarları Azərbaycan xalqının etnogenizini yanlış tarixi perspektivə sürükləmişlər. Sovet tarixi tezislərinə görə Azərbaycan əhalisinin əksəriyyəti dilini dəyişmiş millətlərin törəmələri sayılırdılar. Halbuki, Altay dil nəzriyyəsinə Cerard Klouson (1891-1974), Aleksandr Şerbak (1926-2008) kimi mötəbər türkoloqlar qarşı çıxmış və bu nəzəriyyənin əsassız olduğunu sübut etmişlər. Polşalı məşhur altaist və monqol dillərinin bilicisi Vladislav Kotviç (1872-1944) uzun illərin tədqiqatından sonra türk, monqol və tunqus-mancur dillərinin genetik qohumluq nəzəriyyəsinin yanlış olduğunu etiraf etmişdi.

Bu araşdırma Azərbaycan tarixini saxtalaşdırmağa cəhd göstərən bütün tarixi məktəblərin yalanını ifşa edir. O cümlədən də saxtakar erməni tarixçilərinin saxta erməni tarix tezislərinə görə Azərbaycan türkləri Altaydan, Orta Asiyadan köçmüş köçəri türklərin törəmələridir. Guya onların əcdadları bu torpaqlara 11-12 əsrlərdə axın etmişlər. Burada isə guya onlardan öncə irani və erməni "sivilizasiyaları" mövcud imiş. Biz onları sıxışdırmış, torpaqlarını əllərindən almış və hətta bütün mədəni irsimizi də onlardan mənimsəmişik.

Akkadca mətnlərdə bəzən Azərbaycandakı coğrafi adların ismi keçir. Əsasən bu coğrafi adlar Güney Azərbaycanda var olmuş bölgələrin və məntəqələrin adlarıdır. Bunların bir qismi türk dili vasitəsiylə açıqlanır. Hələ 3000 il əvvəl Azərbaycanda türkcə coğrafi adlar mövcud idi. Coğrafi adlar isə tarixi yaddaşı əks etdirən mühüm amildir.

Şərqi Anadolu və Qafqazlarda heç 1500-2000 il əvvəllərə dayanan bir dənə olsun ermənicə coğrafi ad yoxdur. Halbuki türkcə coğrafi adlar boldur. Bu adlar etimoloji olaraq yalnız türk dili vasitəsiylə açıqlanır. Bu cür araşdırmalar saxta erməni tarix tezislərini və onları himayə edən akademik məktəblərini bir-başa alt üst edir. Bundan başqa əski dillərdə və o dillərdə yazılan mətnlərdə bir dənə də olsun ermənicə söz yoxdur. Halbuki Sumer, Akkad, Xet, Urartu yazılarında bol-bol türkcə sözlər vardır. Bizim işimiz bu mətnlərdə keçən türkcə sözləri və coğrafi adları təsbit edib elm aləminə təqdim etməkdir.

   Tədbirdə tədqiqatçı alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

 

 

 

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ