“Bioetika və insan hüquqları: yeni etik çağırışlar” mövzusunda İnsan Hüquqları İnstitutunun BDU-da prezentasiyası

Bioetikanın yaranması hər şeydən öncə, çağdaş təbabətin texnoloji cəhətdən yenidən təchiz olunmasında baş verən böyük dəyişikliklərlə, tibbi-kliniki praktikadakı nəhəng yeniliklərlə şərtlənmişdir. Bu isə gen mühəndisliyi, orqanların transplantasiyası, biotexnologiyalar, pasiyentin həyatının saxlanılması kimi sahələrdə olan uğurlarda öz əksini tapmışdır.  Bütün bu proseslər həkimlərin, xəstənin qohumlarının, tibb işçilərinin qarşısında duran əxlaqi problemləri ciddi şəkildə kəskinləşdirmişdir. Ölümcül xəstə adamın həyatının saxlanmasında həddlər mövcuddurmu və onlar necə olmalıdır? Evtanaziyaya yol verilə bilərmi? Ölüm halını hansı andan hesab etmək lazımdır? Rüşeymi hansı andan etibarən canlı varlıq saymaq olar? Abortlara yol verilə bilərmi? Bəlkə abortlar canlı varlıqların öldürülməsidir? Bunlar inkişaf etmiş ölkələrdə müasir təbabətin sürətli texnoloji təchizatı şəraitində həkimlər və geniş ictimaiyyət qarşısında duran sualların yalnız bəziləridir.

 

Bioetika fənlərarası tədqiqat istiqaməti kimi ötən əsrin 60-cı illərinin axırlarında – 70-ci illərinin əvvəllərində formalaşmışdır. «Bioetika» terminini ilk dəfə 1969-cu ildə V.R.Potter təklif etmişdir. Onun təfsiri çoxşaxəlidir. Hər şeydən öncə, bioetikanı biotibbi etika ilə eyniləşdirməyə çalışaraq, onun məzmununu «həkim – pasiyent» münasibətlərinin etik problemləri ilə məhdudlaşdırırlar. Bioetikanın daha geniş tərifi vardır. Buraya peşə fəaliyyətinin bir çıra aksioloji problemləri, səhiyyə sistemi ilə bağlı olan bəzi sosial problemlər, nəhayət, insanın heyvanlara və bitkilərə münasibətinə aid problemlər daxildir. Bununla da bioetika heyvanlara münasibətdə etik tənzimləmələləri və əvvəllər ekoloji etikaya şamil edilən problemləri ehtiva edir. Bundan başqa, «bioetika» termini terapiyada tətbiq olunub-olunmamasından asılı olmayaraq, bu elmin canlı varlıqların tədqiq edilməsinə istiqamətləndiyini göstərir. Başqa sözlə, bioetika elmi araşdırmalar zamanı  meydana çıxan əxlaqi toqquşmaların əsaslanmasında, yaxud həllində çağdaş biologiyanın nailiyyətlərinə söykənir.

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ