“NATO-NUN 2016-CI İL VARŞAVA SAMMİTİ: İMKANLAR VƏ GÖZLƏNTİLƏR” BEYNƏLXALQ KONFRANS

07 mart 2016-ci il tarixində AMEA-nın İnsan Hüquqları İnstitutu və NATO-nun Azərbaycandakı əlaqələndiricisi olan Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə “NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

Tədbiri giriş nitqi ilə AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva və Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Daniel Cristian Çiobanu açaraq son dövrlər dünyada və regionda baş verən siyasi proseslər, Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən bəhs etmişlər.

Tədbirin I bölməsində Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri Qaya Məmmədov son illərdə Azərbaycan və NATO arasında əməkdaşlıq istiqamətləri haqqında danışaraq bu əməkdaşlığın inkişafında hər iki tərəfin maraqlı olduğunu bildirmişdir. NATO-nun Baş ofisinin Siyasi məsələlər və təhlükəsizlik bölməsinin Avro-Atlantik inteqrasiya və tərəfdaşlıq üzrə aparıcı eksperti Steffen Elgersmanın “NATO əlaqələrinin gələcəyi”, Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin nümayəndəsi Ramil Şükürov NATO proqramlarının effektiv istifadəsi və Azərbaycan hərbi qüvvələrinin təcrübəsi haqqında nitq söyləmişdir. Daha sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqin “NATO Sammitləri: Uelsdən Varşavaya”, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Siyasi analitika şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlunun “Cənubi Qafqazda həll olunmamış münaqişələr və ekoloji təhlükəsizlik problemi” mövzusunda çıxışları dinlənilmişdir.

Konfransın II bölməsində NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Villiam Lahue Gürcüstanın Varşava Sammitində iştirakı və onun gələcək regional təsirləri haqqında məlumat vermişdir. AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Konfliktologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadə Atom Elektrik Stansiyalarının (AES) təhlükəsizlik problemlərindən bəhs edərək Ermənistan ərazisində yerləşən Metsamor AES-in region üçün ciddi təhlükə mənbəyi olmasını faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Polşanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Marek Tsalka XXI əsrin ikinci onilliyində NATO-nun üzləşdiyi ənənəvi və müasir problemlərdən bəhs etmişdir. Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Ziya Hacılı NATO-nun müvafiq strukturları ilə Azərbaycan FHN arasındakı əlaqələrin hazırkı səviyyəsi və Mülki-Fövqəladə Planlama çərçivəsində NATO ilə əməkdaşlıqdan qazanılmış təcrübənin əhəmiyyətini diqqətə çatdırıb.

Müzakirələr zamanı Azərbaycan, Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildirmişdilər.

Konfransın sonunda AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva Azərbaycan və NATO-nun bugünkü əməkdaşlığından və Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasındakı əməkdaşlığın gələcək perspektivlərindən bəhs edərək bu əməkdaşlığın ölkəmiz üçün  əhəmiyyətini, Azərbaycan və NATO-ya üzv olan ölkələr arasındakı tərəfdaşlıq potensialının daha da gücləndiriləcəyinə inandığını  qeyd etmişdir.

Tədbirdə Milli Məclisin deputatları, Fövqaladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi  və Xarici İşlər Nazirliyi, Baş Prokurorluq, Hərbi Prokurorluq, eləcə də, digər nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

İctimaiyyətlə əlaqələrə məsul şəxs,

   Leyla Məmmədova

Tel: (012) 510-36-45;

e-mail: leylamemmedova247@gmail.com

info@ihr-az.org

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ