Hüquq və İnsan Haqları İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə – Ümumxalq hüzn gününə həsr olunmuş anım tədbiri keçirilib

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə - Ümumxalq hüzn gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş nitqi ilə açan Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə 20 Yanvar faciəsi haqqında danışarkən qeyd edib ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlardan növbəti kütləvi deportasiyasından,1988-ci ildən başlayıb. Sovet hökuməti tərəfindən qarşısı alınmayan Ermənistandan Azərbaycanlıların məcburi şəkildə xüsusi qəddarlıq və misligörülməmiş şəkildə qovulması, işgəncələrə məruz qalaraq başlarına gətirilən dəhşətli fəlakətlər danılmazdır. Artan xətt üzrə davam edən bu gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədirdi. Belə ki, onlar bilərəkdən qaçqınları Sumqayıtda, Bakıda yerləşdirərək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təxribatlar törətmişdilər. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
… O faciəli günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Qeyd edək ki, AMEA Hüquq və İnsan Haqları İnstitutu erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz elmi faktların tapılmasında fəal, səmərəli fəaliyyəti ilə seçilən alimləri, tədqiqatçıları İnstitutun və “Professor Rövşən Mustafayev” adına Fondun birgə təşkil etdiyi medal və sertifikatla  təltif edir.
Bu gün də “Professor Rövşən Mustafayev” adına medal və sertifikat XX yüzillikdən başlayaraq erməni terrorçularının Azərbaycanda törətdikləri kütləvi qırğın və soyqırımı aktlarından, xalqımızın azadlıq mübarizəsi, 20 Yanvar faciəsindən, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Qarabağ həqiqətlərindən bəhs edən məqalələri ilə transmilli mediada Azərbaycan həqiqətlərini yaymaqda müstəsna xidmətlərinə görə əməkdar jurnalist Vasif Həzərxan oğlu Səmədova təqdim edilib.
Xatırladaq ki, Vasif Səmədov 20 Yanvar hadisələrinin baş vermə səbəbinin arxasında dayanan əsil məqsədləri, o vaxtki Sovet rejimindən qorxmadan, çəkinmədən bədii emosional mühakimə və şərhlərlə mətbuat səhifələrində dayanmadan işqlandıran, bu faciə barədə geniş açıqlamalar verən  jurnalistlərimizdən biri olub.

                                                                       

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ