İnsan hüquqlari üzrə Avropa Məhkəməsi qərarlarının milli cinayət hüququ üçün əhəmiyyəti tədqiq olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənovanın “İnsan hüquqlari üzrə Avropa Məhkəməsi qərarlarının milli cinayət hüququ üçün əhəmiyyəti” adlı məqaləsi “Hüquqi elmlər və təhsil” jurnalının 64-cü sayında çap olunub.
Məqalədə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları milli cinayət hüququnun mənbəyi kimi araşdırmaya cəlb edilib.
Müəllifin fikrincə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının şərhini nəzərdə tutan qərarlarının hüququn mənbəyi hesab olunması məsələsi məhkəmə presedentinin hüququn mənbəyi kimi qəbul edilməsi ilə bilavasitə bağlıdır.
Ş.Həsənova vurğulayıb ki, Azərbaycan Respublikasının həm Konstitusiya Məhkəməsi, həm Ali Məhkəməsi, həm də aşağı instansiya məhkəmələri təkcə Azərbaycana qarşı çıxarılan qərarların deyil, başqa dövlətlərə qarşı olan qərarların da presedent xarakterini tanıyır və həmin qərarlara istinad edirlər.
Məqalənin tam mətnini linkə daxil olmaqla oxuya bilərsiniz.