Layihələr üzrə seçim

İnstitutun doktorantı Dağlıq Qarabağ həqiqətlərini fransız dilində dünya ictimaiyyətinə çatdırıb

22.01.2018
 

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, hazırda Fransanın Strasburq Universitetində ezamiyyətdə olan Səid Musayevin “Dağlıq Qarabağ ətrafında yeni meydan oxuma realizmdən praqmatizmə doğru” sərlövhəli elmi məqaləsi dərc olunub.

Beynəlxalq “İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar fransız dilində nəşr edilən xüsusi nömrəsində dərc olunan bu məqalədə Dağlıq Qarabağ münaqişəsi hüquqi kontekstdə geniş təhlil edilib. Azərbaycanın və Ermənistanın dövlət başçıları arasında Cenevrədə aparılan son danışıqların münaqişənin həlli istiqamətində yeni mahiyyəti, eləcə də erməni tərəfin danışıqlar prosesi ilə bağlı Ermənistan ictimaiyyətində yaratdığı çaşqınlıq ifşa olunur.

Bu məqalə vasitəsilə Fransada ictimaiyyət Ermənistandan azad olunacaq beş rayonla yanaşı, Kəlbəcər və Laçının yeni danışıqlar formatında mərhələli geri alınması, eləcə də Dağlıq Qarabağda BMT-nin və ATƏT-in Minsk qrupunun birgə təşkil edəcəyi gələcək referendumun əsas şərtləri ilə bağlı geniş məlumatlandırılır.

Cenevrədə Prezident İlham Əliyevin praqmatik danışıqları nəticəsində işğalçı ölkənin rəhbərliyinin də Azərbaycanın siyasi gücünü etiraf etdiyini vurğulayan müəllif münaqişənin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə həllinin regionda sülh və əmin-amanlığın möhkəmləndirilməsinə müsbət təsir göstərəcəyini bildirib.

İşğalçı ölkə üçün Dağlıq Qarabağdakı ermənilərlə yeganə nəqliyyat-kommunikasiya dəhlizinin Azərbaycanın Kəlbəcər və Laçın rayonlarından keçdiyini diqqətə çatdıran müəllif Ermənistanın əslində bu separatizmdən qazanc əldə etmədiyini, əksinə, öz-özünü təcrid etdiyini vurğulayıb. İlk növbədə yeddi rayonun qaytarılmasına dair Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ilə Kəlbəcər və Laçının orada yerləşdiriləcək beynəlxalq sülhyaratma missiyasının nəzarətində mərhələli şəkildə Azərbaycana təhvil veriləcəyi bildirilir.

Məqalədə qeyd olunur ki, dövlətimizin Azərbaycan və Ermənistan əhalisi arasında sülh prosesi və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıdışı ilə bağlı strategiya planı tərtib olunub, bu ölkədə ermənilərə qarşı heç bir irqi, yaxud milli ayrı-seçkilik yoxdur. Bu məqsədlə 2016-cı il dekabrın 6-da Bakıda hər iki ölkənin ziyalıları tərəfindən Azərbaycan-Ermənistan Sülh Platformasının təsis olunmasının beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanması oxucuların diqqətinə çatdırılır.

“Dağlıq Qarabağ ətrafında yeni meydan oxuma realizmdən praqmatizmə doğru” sərlövhəli yazıda Ermənistanın regionda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə, “Cənub Qaz Dəhlizi” layihəsinə, TANAP, TAP kimi qitələrarası nəhəng enerji və nəqliyyat dəhlizlərinə qoşulmasının Dağlıq Qarabağ münaqişəsinin konstruktiv həlli ilə birbaşa bağlı olması oxuculara çatdırılır. ATƏT-in Helsinki Yekun Aktının torpaqların ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücün

tətbiqinin qadağan olunması ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərinin işğalçı Ermənistan tərəfindən hələ də pozulması faktı kəskin pislənilir.

Məqalənin tam mətni ilə   http://irs-az.com/new/files/2018/206/2621.pdf   linkində tanış olmaq mümkündür.