Beynəlxalq (Publik) Hüquq kursu (dərslik)

Azərbaycan Respublikasında müvafiq tədris proqramı əsasında kollektiv müəlliflər tərəfindən yazılmış bu dərslikdə beynəlxalq (publik) hüququn xüsusi hissəsini təşkil edən hüquqi qurumlara anlayış verilir, onların nizamasalma predmeti, prinsipləri, mənbələri, subyektləri və s. məsələlərə ətraflı şəkildə toxunulur və onların mahiyyətinə aydınlıq gətirilir. Əsərdə beynəlxalq (publik) hüququn xüsusi hissəsinə dair müddəalar nəzərdən keçirilərək, onun sistemi tədqiq edilir, onun konkret hüquq sahələri fərqləndirilir.

“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər”

AMEA Hüquq və İnsan Haqları İnstitutunun 2017-ci il nəşri olan“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” (Les dagats causes aux monuments historuques et culturels quı se trouvent sur les terretorıres occupes del Azerbaidjan ) adlı kitabı fransız dilində nəşr olunub. Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar.

Aytən Mustafazadə: “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri”

Bu monoqrafiya əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsinin bəzi aktual problemlərinə həsr olunmuşdur. Müəllif tərəfindən monoqrafiyada əlilliyi olan şəxslər cəmiyyətin sosial strukturunun ayrılmaz tərkib hissəsi, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsi isə müasir cəmiyyətin sosial problemlərindən biri kimi xarakterizə olunur, əlillik anlayışına kompleks-sosial yanaşma, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı mütərəqqi dünya təcrübəsi, əlilliyi olan şəxslərin əmək fəaliyyətinə cəlb olunmasının aktuallığı və əhəmiyyəti, əmək qanunvericili-yində əlilliyi olan şəxslərin əməyini tənzim edən normalar, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və əlilliyi olan şəxslər üçün iş yerlərinin kvotalaşdırılması, məşğulluq və işədüzəltmənin nəzəri aspektləri, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsinin anlayışı və əsas cəhətləri, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsi sahəsində inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsi ilə bağlı məsələlər ətraflı şəkildə araşdırılır, əmək bazarında əlilliyi olan şəxslərin qarşılaşdığı əsas problemlərə diqqət çəkilir və onların həlli yolları göstərilir.

M.N. İmanlı: “Mülkiyyət əleyhinə edilən cinayətlər”
Dərslik

Müvafiq proqram əsasında yazılmış dərslik cinayət hüququnun mühüm bölmələrindən olan mülkiyyət əleyhinə edilən cinayətlərə həsr edilmişdir və ali məktəblərin hüquq fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabda mülkiyyət əleyhinə edilən cinayətlərlə mübarizəyə dair Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin inkişaf tarixi nəzərdən keçirilmiş, baxılan cinayətlərin təsnifatı verilmiş, bu təsnifat üzrə göstərilən cinayətlərin cinayət-hüquqi təhlili üzərində müfəssəl dayanılmışdır. Bu zaman yeri gəldikcə məhkəmə təcrübəsindən, Azərbaycan Respublikası Ali Məhkəməsi və SSRİ Ali Məhkəməsi Plenumlarının qərarlarından, respublikada mülkiyyət əleyhinə edilən cinayətlərlə bağlı statistik göstəricilərdən, habelə BMT-nin dünyada cinayətkarlığın vəziyyəti barədə Xülasələrinin məlumatlarından istifadə edilmişdir.

Özümüzü və dünyanı dərketmə yolunda

2018-ci ildə«Özümüzü və dünyanı dərketmə yolunda» adlı elmi məqalələr toplusu nəşr olunub. Topluda AMEA Hüquq və İnsan Haqları İnstitutunun  doktorant və dissertantlarının 2017-ci ildəki elmi məqalələridərc olunub. Toplunun layihə rəhbəri və elmi redaktoru AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadədir.

Ayxan Rüstəmzadə, Könül Məmmədova: Elektron məhkəmənin ədalət mühakiməsi sistemində hüquqi əsasları (monoqrafiya)

İnsanlar məhkəmələrə müraciət edərkən vaxt itkisi ilə, artıq maddi xərclərlə, kargüzarlığın düzgün aparılmaması və.s bu kimi digər problemlərlə qarşılaşırlar. Mövcud problemlərin həll olunması üçün elektron məhkəmələrin istifadə olunması zəruri olduğundan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 13 fevral 2014-cü il tarixində “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalanmışdır. Sərəncam məhkəmə islahatları sahəsində strateji prioritet istiqamətləri müəyyən edərək Azərbaycan Respublikasında ədalət mühakiməsini həyata keçirən məhkəmə sistemində inqilabi təkamülün əsasını qoydu.

Elşad Mirbəşir oğlu: Müasir Terrorizm və BeynəlxalqTəhlükəsizlik Problemi (monoqrafiya)

Yeni nəşrlərimizdən biri institutumuzun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir oğlunun “Müasir Terrorizm və Beynəlxalq Təhlükəsizlik Problemi” adlı monoqrafiyasıdır. Müasir mərhələdə beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan təhlükələrdən biri də terrorizmdir. İnformasiya kommunikasiya texnologiyalarının, silah sənayesinin öz inkişafının kifayət qədər yüksək mərhələlərinə çatması terrorizmin təhlükəlilik dərəcəsini daha da artırmışdır. Belə ki, terrorçu təşkilatlar yeni imkanlardan fəal istifadə etməklə, daha ciddi təhlükə mənbəyinə çevrilmişlər. Bu baxımdan, müasir mərhələdə terrorizmə qarşı mübarizə məsələsi olduqca böyük aktuallıq kəsb etməkdədir.

Xalid Niyazov: Dövlət informasiya siyasəti və informasiya hüququ (monoqrafiya)

Bəşəriyyət öz inkişafının informasiya mərhələsinə qədəm qoyub. Müasir informasiya cəmiyyəti postsənaye dövrünün ictimai-siyasi, iqtisadi və sosiomədəni paradiqması kimi təzahür etməkdədir. İnformasiya sahəsində dövlətin strateji fəaliyyət xəttini dövlət informasiya siyasəti müəyyənləşdirir. Cəmiyyətdəki ictimai münasibətlərin palitrası dəyişdikcə paralel olaraq onları tənzimləyən normativ aktlar sistemi yaranır.

Sura Hüseynova: Avropa İttifaqı Avropa təhlükəsizlik arxitekturasında: təcrübə, perspektivlər və çağırışlar (monoqrafiya)

Monoqrafiya postblok dünya düzənində beynəlxalq-siyasi və geostrateji şəraitdəki radikal dəyişikliklərlə bağlı yeni regional arxitektura təhlükəsizliyinin yaradılmasında Avropa İttifaqının roluna həsr olunmuşdur. Monoqrafiyada oxucuların diqqətinə təklif olunan tədqiqat predmetinin aktuallığının əhəmiyyətli aspekti Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı beynəlxalq aktorların çağdaş strategiyalarının təhlil edilməsinə olan elmi tələbatdır.

Nəsib Şükürov: Yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsində Yuvenal Ədliyyənin rolu və onun təkmilləşdirilməsi (monoqrafiya)

Monoqrafiyada, Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınması, yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsinin beynəlxalq və dövlətdaxili hüququnun aktual problemlərindən biri olması, uşaq hüquqları sahəsində mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bu sahədə dövlətdaxili mexanizmlərinin beynəlxalq mexanizmlərə uyğunlaşdırılması, “Yuvenal ədliyyə haqqında” qanunun qəbulu zərurəti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin və əsasnamələrinin təkmilləşdirilməsi, yuvenal məhkəmələrin uşaqların törətdikləri hüquq pozuntusuna görə ədalətli qərarların çıxarılmasına xidmət etməsi kimi məsələlər tədqiq olunmuşdur.

Kateqoriya

Nəşrlər

Müsahibələr