“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər”

Publication image

AMEA Hüquq və İnsan Haqları İnstitutunun 2017-ci il nəşri olan“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” (Les dagats causes aux monuments historuques et culturels quı se trouvent sur les terretorıres occupes del Azerbaidjan ) adlı kitabı fransız dilində nəşr olunub.

Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Lakin, onlar təkcə insanlara yönələn və xüsusi qəddarlığı ilə seçilən cinayətlərdən başqa, qədim və qiymətli abidələrə qarşı da özünəməxsus “soyqırım” törətmiş, ən yaxşı halda isə onları erməniləşdirmişlər.

Bu günlərdə AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, YUNESKO-nun Azərbaycan Respublikasındakı Milli Komissiyasının dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı dəyərli bir kitab işıq üzü görmüşdür. Azərbaycanın arxiv materialları əsasında hazırlanan nəşr mühüm siyasi-tarixi əhəmiyyət kəsb edir.Hazırda erməni vandalizminin işğal altında qalan Azərbaycan ərazilərində xüsusi fəallıqla davam etdirilməsi və bu səbəbdən də nəşrin aktuallığı nəzərə alındığından, kitab ingilis və fransız dillərinə tərcümə olunmuş və nəşr edilmişdir. Poliqrafik cəhətdən yüksək səviyyədə və nəfis tərtibatla çap olunmuş kitabda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi nəticəsində işğal altında qalan daşınmaz tarix və mədəniyyət abidələrinin erməni vandalizminə uğradılması səbəblərinin indiyə qədər beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəfləri ilk dəfə araşdırılır.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə oxuculara müraciət edərək göstərmişdir ki, İnstitut tərəfindən indiyə qədər tarixi həqiqətlərin aşkarlanması, dünya ictimaiyyətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv informasiyanın formalaşdırılması, ümumiyyətlə, qlobal problemə çevrilən “ermənilik” məsələsinin ifşa edilməsi ilə əlaqədar xeyli sayda dəyərli nəşrlər hazırlanmış və dərc etdirilmişdir. Bu istiqamətdə növbəti addım məhz “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı hesab edilə bilər. Hazırda Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü qabarıq şəkildə göstərir. A.Mustafazadə ermənilərin işğal altında olan Azərbaycan ərazilərində yüzlərlə tarixi-dini və mədəni abidələri məhv etdiklərini xüsusi vurğulamışdır. O, qeyd etmişdir ki, AMEA Hüquq və İnsan Haqları İnstitutu olaraq bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlər, erməni terror təşkilatlarının fəaliyyəti, “erməniçilik” sindromu və onun özəllikləri və digər aktual məsələlərin dərindən, elmi cəhətdən tədqiq edilməsi və bu araşdırmaların öz əksini tapdığı dəyərli nəşrlərin işıq üzü görməsi fəaliyyyətimizin prioritet istiqaməti olacaq.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva kitaba yazdığı ön sözdə Azərbaycan xalqının maddi-mədəni abidələri haqqında indiyədək müxtəlif əsərlərin yazıldığını vurğulayaraq, lakin bu günə qədər işğal olunmuş torpaqlarımızdakı abidələri bu cür ətraflı və dolğun əks etdirən araşdırmanın olmadığını qeyd etmişdir.

10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, respublikanın bütün ərazilərində abidələrin qeydiyyata alınması, öyrənilməsi, qorunması, bərpa edilməsi, yenidən qurulması, istifadə edilməsi və onlara dəyən zərərlər barədə tədbirlərin görülməsi dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən müstəqil və ya mərkəzləşdirilmiş qaydada təşkil edilir və həyata keçirilir. Mədəni irs, nəinki daşınmaz tarix və mədəniyyət abidələrini, eyni zamanda tarixə şahidlik edən bütün sənədləri və milli-mənəvi dəyərləri əhatə edən daşınan abidələri də əhatə edir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Bu, beynəlxalq qanunlar və konvensiyalarda da təsbit olunmuşdur. “Hərbi münaqişələr  zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa konvensiyası öz  üzvləri qarşısında konkret tələblər qoyur. 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında daha bir sənəd qəbul edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə olduğu kimi çatdırılması istiqamətində aktiv fəaliyyət göstərən AMEA Hüquq və İnsan Haqları İnstitutunun məhsulu olan “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı ermənilərin vandalizm siyasətinin səbəblərini öyrənmək üçün çox qiymətli bir vəsaitdir. Fotoşəkillərlə müşayiət olunan nəşrdə erməni vandalizminə uğrayan Azərbaycanın tarix və mədəniyyət abidələri barədə ətraflı, müvafiq sənədlərə istinadən məlumat verilir. Məlum olduğu kimi, 1828-ci ildə Türkmənçay sülh müqaviləsindən sonra Rusiya regionda ermənilərin məskunlaşdırılması siyasəti yeritməyə başladı. Köçürülmə nəticəsində Qarabağ əyalə­tin­də 1828-1829-cu illərdə ermənilərin sayı 18 min, 1843-cü ildə isə 34 min 606 nəfərə çatdı. Köçürülmə məsələləri ilə məşğul olan çar məmuru N.İ.Şavrov bununla bağlı olaraq yazırdı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və İrəvan quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirildilər, Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri ermənilərlə məskunlaşdırıldı. O daha sonra qeyd edirdi ki, Cənubi Qaf­qaz­­da yaşayan 1 milyon 300 mindən artıq erməninin 1 mil­yon­dan çoxunun diyarın köklü sa­kin­lərinə aidiyyatı yoxdur və bizim tərəfimizdən köçürülərək yerləşdiriliblər. Ermənilərin məskunlaşmaları nəticəsində Alban dövlətçiliyi və dini Qarabağda müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qriqoryanlaşdırılması, yəni erməniləşdirilməsı prosesi başladı.

Bu hadisə Cənubi Qafqazda xristian dövrü mədəni dəyərlərinin məhv edilməsinə və ya erməniləşdirilməsinə səbəb oldu. Belə ki, alban kilsələrindəki əlyazmalar erməni dilinə tərcümə edilərək orijinalları yandırıldı, kilsə və monastırların interyerindəki yazıların və bədii daş nümunələrinin formaları dəyişdirildi.

Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana külli-miqdarda maddi və mənəvi zərər dəyməsi istiqamətində müvafiq tədqiqatlar aparan AMEA Hüquq və İnsan Haqları İnstitutu hesab edir ki, bu zərərin miqdarının dəqiqləşdirilməsi və onun ödənilməsi məsələsinin gerçəkləşdirilməsi bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mühüm aspektlərindən biridir. Yeni nəşrdə məhz bu məsələlər ətraflı şəkildə təhlil edilmişdir. XX əsrin sonlarında Еrmənistаnın Аzərbаycаnа növbəti təcаvüzü nəticəsində Аzərbаycаn tоrpаqlаrının 20 faizdən çох hissəsi, bаşqа sözlə 17 min kv.km-dən yuхаrı ərаzi işğаl оlunmuşdur. İlkin hesablamalara əsasən, işğal nəticəsində ölkəyə 400 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Ermənilər tərəfindən oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün deyildir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Kitabda ermənilərin tarixi abidələrimizi ya tamamilə məhv etməsi, ya da onları erməniləşdirməsi faktoloji materiallara əsasən sübut edilir. Abidələrin erməniləşdirilərək eybəcər hala salınması hətta ermənilərin özlərinin də etirazına səbəb olmuşdur. Belə ki, 24 iyun 2013-cü il tarixində Ermənistanın 350 nəfər tanınmış ziyalısı və görkəmli adamları Azərbaycanın Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər monastır kompleksinin formasının dəyişdirilməsinə etiraz olaraq Ermənistan prezidenti Serj Sərkisyana, Qarabağdakı erməni icmasının rəhbəri, separatçı Bako Saakyana və Ümumerməni katolikosuna açıq məktub ünvanlamış, hadisəni vandalizm aktı adlandırmışlar.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun növbəti layihəsi çərçivəsində nəşr olunanhazırkı kitabda qeyd olunur ki, “ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərində nəinki sənaye, kənd təsərrüfatı, təbii sərvətləri dağıdıb, qarət edib iflic vəziyyətinə salıblar, eyni zamanda orada yaşayan azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət nümunələrini, o cümlədən azərbaycanlılara məxsus folkloru, toponimləri, mətbəxi, eləcə də tarixi əsərlərin yazılı nümunələrini (epiqrafik əsərlər) birdəfəlik və ya tədricən yox edərək və ya mənimsəyərək, bütün milli mədəni dəyərlərin planlı və sistemli şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçirirlər”. İşğal altında qalan ərazilərimizdə tarixi abidələr siklop tipli memarlıq abidələri, daş üzərində oymalar, antik qalalar, at-qoç fiqurları, körpülər, məscidlər, türbələr, su dəyirmanları, kahalar və s.dir. Nəşrdə bütün bu qədim abidələrimiz elmi cəhətdən araşdırılır və göstərilir ki, Ermənistan Respublikası 1992-1993-cü illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Azərbaycanın daşınmaz tarix və mdəniyyət abidələrinin memarlıq quruluşunda və interyerində də dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidələrnin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də xeyli alban dövrünə məxsus bir çox bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Bu ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparır, xaraba qalmış kəndlərdə kilsələr tikir, toponimləri dəyişdirir, Azərbaycanın maddi-mədəniyyət nümunələrini mənimsəyib, əraziləri erməniləşdirməklə məşğul olurlar.

İşğal edilən Azərbaycan ərazilərdəki inzibati yaşayış məskənlərindən yüz mindən çox muzey eksponatı, o cümlədən bədii yazı nümunələri, bədii toxuculuq sənəti və məişət əşyaları, xalçalar, bəstəkar əsərləri, rəsmi dövlət sənədləri, xəritələr və fotoplyonkalar, pul əskinasları, qədim silahlar və ovçuluq ləvazimatları qarət edilərək Ermənistana aparılıb.

Kitabda Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Şuşa və işğal edilmiş bütün digər bölgələrimizdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı, hazırkı vəziyyəti və bu abidələrə vurulan zərər ayrı-ayrılıqda göstərilir. Oxuculara təqdim olunan sxemlər, cədvəllər və abidələrin fotoşəkilləri bir daha erməni vandalizminin analoqu olmadığını sübuta yetirir.

Hesab edirik ki, daşınmaz tarix və mədəniyyət abidələrinə vurulmuş zərərə görə Azərbaycanın Ermənistandan təzminat almaq hüququ təmin edilməlidir. Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana xeyli  miqdarda maddi və mənəvi zərər dəymişdir. Müasir beynəlxalq hüquqa görə, Azərbaycan Respublikası ona dəyən ziyanın ödənilməsi barədə iddia qaldırmaq və müvafiq təzminatlar almaq hüququna malikdir. Azərbaycanın ona dəymiş zərərin müqabilində təzminat almaq hüququna malik olması beynəlxalq təşkilatların qərarlarında da təsdiqlənmişdir.

Əminik ki, AMEA Hüquq və İnsan Haqları İnstitutunun hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı dəyərli kitab bu gün dünyanın bəzi ölkələrinin hələ də etinasız qaldığı qlobal erməni terrorunu ifşa etmək, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə və xalqımıza vurulan ziyanın və təhlükələrin miqyasının nə qədər böyük olduğunu beynəlxalq ictimaiyyətə əyani şəkildə nümayiş etdirmək istiqamətində öz töhfəsini verəcəkdir.

Rəqəmlərdə

  • 181

    Events
  • 10

    Departments
  • 162

    Publications

TƏDBİRLƏRİMİZ