Lütfi-zadə ilə vida mərasimi keçirilib

Sentyabırın 29-da AMEA-nın Əsas binasında dünya şöhrətli alim, professor Lütfi Zadə ilə vida mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil naziri Mikayıl Cabbarov, digər dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhumun ailəsi adından iştirak edən, yaxın qohumu, Xalq artisti, professor Cənnət Səlimovaya dərin hüzünlə başsağlığı verib.

Vida mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Lütfəli Rəhim oğlu Ələsgərzadənin dünya elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından, onun süni intellekt sahəsində qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi yeniliklərdən söz açdılar. Onun nəzəriyyələrinin hazırda energetika, nəqliyyat, aviasiya və hərbi sahədə, o cümlədən məişətdə geniş tətbiq olunduğunu vurğulayaraq, bu nəzəriyyələrin ümumilikdə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına geniş imkanlar açdığını qeyd etdilər.

Sonra alimin nəşi AMEA-dan son mənzilə, I fəxri xiyabana yola salındı.

Böyük alim Lütfi Zadənin elmi əsərləri və ideyaları uzunömürlüyü, nəzəriyyələri orijinallığı, məntiqiliyi ilə seçilir və o, bir azərbaycanlı alim kimi hər zaman qəlblərdə yaşayacaq. Allah rəhmət eləsin!

Rəqəmlərdə

  • 179

    Events
  • 10

    Departments
  • 165

    Publications

TƏDBİRLƏRİMİZ