Xəyalə Kələşovanın “Azərbaycan Prokurorluğu” jurnalında məqaləsi dərc olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi Xəyalə Kələşovanın “Azərbaycan Prokurorluğu” Elmi-praktiki jurnalının 2022-ci il, № 1 buraxılışında (səh.155-162) “İnsan Hüquqları kontekstində İnsan hüquqlarının kobud və kütləvi pozuntusu halları” adlı məqaləsi dərc olunub.
Məqalədə insan hüquqlarının kobud və kütləvi pozuntu halları arasında təcavüzün ən ağır beynəlxalq cinayət hesab olunduğu, təcavüzün beynəlxalq cinayət statusu və beynəlxalq fərdi cinayət məsuliyyəti doğurmasının hər şeydən əvvəl beynəlxalq adət hüququndan irəli gəldiyi qeyd olunub. Başlıca maddi-hüquqi əsas kimi Nürnberq Tribunalının Nizamnaməsi və hökmünü və müəyyən mənada hüquqi xarakterə malik olmayan, lakin çox böyük əhəmiyyət daşıyan “Təcavüzün tərifi” haqqında BMT Baş Assambleyasının 14 dekabr 1974 - cü il tarixli qətnaməsi əsas götürülüb.
Məqalədə müəllif qeyd edir ki, ümumi beynəlxalq hüquqa görə, dövlət tərəfindən törədilən təcavüzün planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və həyata keçirilməsində rəhbər və yaxud təşkilatçı kimi fəal iştirak edən və ya bu barədə əmr verən şəxs təcavüz cinayətinə görə məsuliyyət daşıyır. Təcavüz aktını yalnız müvafiq hakimiyyət səlahiyyətlərinə malik olan şəxslər törədə bilərlər. Başqa sözlə bu halda söhbət “rəhbərlərdən” və ya “təşkilatçılardan” getməlidir, bu terminlər nəinki hökümət üzvlərini, habelə hərbi iyerarxiyada, diplomatik korpusda, siyasi partiyalarda və ya işgüzar dairələrdə yüksək vəzifələr tutan şəxsləri də əhatə edir. Təcavüz aktının törədilməsində iştirak qəsdən olmalıdır və təcavüzkar plan və ya siyasət çərçivəsində bütün işin dərk edilməsilə həyata keçirilməlidir. Fiziki şəxsin təcavüz cinayətinə görə məsuliyyəti təcavüzün dövlət tərəfindən törədilməsilə sıx və üzvi surətdə bağlıdır.Əslində dövlətin törətdiyi təcavüz cinayəti şəxsin (şəxslərin) cinayət məsuliyyətinin yaranması üçün zəruri şərtdir. Bu həm də o deməkdir ki, dövlətin təcavüz törətməsi faktı müəyyən olunmasa, bu və ya digər fiziki şəxs təcavüz cinayətinə görə məsuliyyətə cəlb oluna bilməz. Digər bir tərəfdən məlum olduğu kimi, BMT Nizamnaməsinin 39 - cu maddəsinə görə təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətinə aiddir. Təcavüz cinayəti özündə bir neçə mərhələni ehtiva edir: təcavüz aktının törədilməsi haqqında əmr verilməsi; təcavüzkar müharibənin planlaşdırılması; təcavüzkar müharibənin hazırlanması; müharibənin başlanması; müharibənin aparılması.

Rəqəmlərdə

  • 383

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ