V beynəlxalq elmi araşdırmalar konfransında insan alveri ilə mübarizənin beynəlxalq hüquqi əsasları müzakirə olunub

Sentyabrın 24-də V beynəlxalq elmi araşdırmalar konfransı keçirilib. Tədbirdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Hüseynova "İnsan alveri ilə mübarizənin beynəlxalq hüquqi əsasları" mövzusunda məruzəni təqdim edib.
S.Hüseynova vurğulayıb ki, beynəlxalq miqyasda insan alveri cinayətlərinin transmilli mütəşəkkil xarakter alması bəşəriyyəti narahat edən ciddi sosial problemə çevrilib. Mövcud olan bu vəziyyət dövlətlərin insan alveri cinayətəri ilə mübarizəyə yönələn səylərinin birləşdirilməsini zəruri edib.
Məhz bu məqsədlə, XX əsrdə BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən şəxsiyyətin azadlığının tam şəkildə qorunmasının reallaşdırılmasına istiqamətlənmiş konvensiyalar, müqavilələr və digər normativ hüquqi aktlar qəbul olunub. O vaxtdan etibarən insan hüquqları təkcə milli deyil, həm də beynəlxalq hüquqi tənzimlənmənin predmetinə çevrilib.
Məruzəçinin fikrincə, insan alveri ilə mübarizəyə xüsusi önəm verən Azərbaycan Respublikası bu beynəlxalq sənədlərin əksəriyyətini ratifikasiya etmişdir. Beynəlxalq və milli hüquqi aktlarda insan alveri ilə mübarizəni təmin edən proqramlar və konsepsiyalar insan alverinin qarşısının alınması, insan alverindən zərər çəkənlərə kömək göstərilməsi, insan alveri ilə bağlı kriminal əməllərin açılması və cinayətkarların cəzalandırılması kimi üç əsas fəaliyyət istiqamətini ehtiva edir.
Onun sözlərinə görə, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bu sahədə beynəlxalq təcrübələr nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi də təmin edilib.
Qeyd edək ki, adıçəkilən konfransda səsləndirilən məruzələr "V beynəlxalq elmi araşdırmalar konfransının materialları"nda dərc edilib.

Rəqəmlərdə

  • 339

    Events
  • 10

    Departments
  • 171

    Publications

TƏDBİRLƏRİMİZ