Professor Aytən Mustafazadə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru seçilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə dövlət səviyyəsində aparılan kompleks islahatlar, ölkəmizin geosiyasi maraqları, müzəffər ordumuzun şanlı qələbəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə gedən bərpa və yenidənqurma işləri, dünya elminin müasir çağırışları alimlərimizin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında bir sıra mühüm vəzifələr qoyur.
Bu nöqteyi-nəzərdən, qarşıda duran mühüm innovativ hədəflərə çatmaq məqsədilə AMEA-da son zamanlarda kompleks islahatlar aparılır.
AMEA-nın Rəyasət Heyətinin strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında 2021-ci il 8 yanvar tarixli qərarına müvafiq olaraq, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağının növbəti onlayn iclasında adıçəkilən vəzifəyə hüquq elmləri doktoru, professor Aytən Mustafazadənin namizədliyi irəli sürülüb.
Açıq səsvermədən öncə çıxış edən AMEA-nın vitse-prezidenti, Bölmənin sədri akademik İsa Həbibbəyli alimin bioqrafiyası və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Aytən Mustafazadə qabaqcıl elm təşkilatçısı kimi yorulmaz fəaliyyəti və əzmkarlığı ilə dünya elminin müasir trendlərindən olan bioetikanın Azərbaycan hüquq elminə inteqrasiyasına, həmçinin YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun yaradılmasına müvəffəq olub.
İ.Həbibbəylinin sözlərinə görə, Aytən Mustafazadə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, işğalçılıq siyasətinin, zəbt etdiyi ərazilərimizdə tarixi və maddi-mədəniyyət abidələrinə vurduğu zərərin hüquqi qiymətləndirilməsi, o cümlədən tibb hüququ, nanobiotexnologiyanın müasir cəmiyyətində rolu, transplantologiya məsələləri, süni intellektin reallıqları və meylləri fonunda insan hüquqları, informasiya və kibertəhlükəsizlik, beynəlxalq terrorizmlə mübarizə və s. bu kimi mühüm elmi istiqamətlər üzrə fundamental tədqiqatlar aparıb. Rəhbərlik etdiyi elmi müəssisənin beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünyanın aparıcı elmi tədqiqat müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıb.
Son illərdə A.Mustafazadənin rəhbərliyi ilə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun alim və mütəxəssisləri tərəfindən “44 günlük diplomatiya dərsləri” (Azərbaycan, rus və ingilis dillərində), “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” (fransız dilində), “Süni intellekt və robot texnikası insan hüquqları kontekstində” kimi çox sayda fundamental elmi nəşrlər ərsəyə gəlib.
İsa Həbibbəyli diqqətə çatdırıb ki, A.Mustafazadə IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O, YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun idarə heyətinin sədr müavini, Dünya Tibbi Hüquq (WAML) və Avropa Tibbi Hüquq (EAHL) assosiasiyalarının üzvüdür. 2018-ci ildə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun “fəxri professor”u seçilib.
Aytən Mustafazadə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı və “Parlament” medalı ilə təltif edilib.
Onlayn iclasda professor Aytən Mustafazadənin elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən yüksək qiymətləndirilib.
Açıq səsvermə nəticəsində professor Aytən Mustafazadə yekdilliklə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
Geniş elmi-praktiki, elmi-təşkilati fəaliyyəti, eləcə də qayğıkeş, həssas və səmimi rəhbər siması ilə respublikamızın elmi ictimaiyyətinin rəğbətini qazanan Aytən xanımı Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, Azərbaycan hüquq elminin inkişafı naminə yorulmaz fəaliyyətində yeni uğurlar arzulayırıq.

Rəqəmlərdə

  • 342

    Events
  • 10

    Departments
  • 171

    Publications

TƏDBİRLƏRİMİZ