AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Livan ermənilərinin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının xaricdəki səlahiyyətli nümayəndəliklərinə və xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinə Etiraz məktubu göndərib

Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi həmin ərazilərin etnik tərkibinin dəyişdirilməsinə yönəlib və hərbi cinayət hesab olunur. Bu cinayətin törədilməsinə görə Ermənistan dövləti məsuliyyət daşıyır.
İşğal olunmuş ərazilərdə işğalçı dövlət tərəfindən məskunlaşma siyasətinin aparılması beynəlxalq hüquqa əsasən hərbi cinayətdir.

II Dünya Müharibəsi dövründə siyasi və irqi səbəblərdən bir sıra dövlətlər öz əhalisinin bir hissəsini işğal etdikləri ərazilərə köçürərək işğal olunmuş ərazilərin etnik tərkibini dəyişdirməyə çalışırdılar. Bu praktika uzun onilliklər ərzində ciddi humanitar nəticələr doğurduğundan, işğal olunmuş ərazilərin kolonizasiyasına və yerlərdə “faktiki vəziyyət”in tədricən müəyyən olunmasına və nəticədə ərazinin faktiki anneksiyasına gətirib çıxarır. Belə acı nəticələrə yol verməmək üçün beynəlxalq humanitar hüquq işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin süni surətdə işğalçı ölkə tərəfindən dəyişdirilməsinə mütləq qadağalar qoyur.
Qeyd edilən məsələlər əsasən Azərbaycan və Ermənistanın da qoşulduğu 1949-cu il Cenevrə konvensiyaları, xüsusi ilə müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və bu Konvensiyaya 1977-ci il tarixli 1 saylı Əlavə Protokolla tənzimlənir. Adı çəkilən beynəlxalq sənədlər işğalçı dövlətin işğal etdiyi ərazilər üzərində faktiki hakimiyyətini nəzərə alaraq, onun üzərinə bir sıra öhdəliklər qoyur. Bu öhdəliklərdən biri də işğal olunmuş ərazilərin sosial, demoqrafik və iqtisadi strukturuna daimi dəyişikliklərin edilməsinin yolverilməzliyidir. Bundan irəli gələrək, beynəlxalq hüquqa əsasən işğal olunmuş ərazilərdə işğalçı dövlət tərəfindən məskunlaşmanın həyata keçirilməsi hərbi cinayətdir.
Çox da uzaq olmayan keçmiş
İşğal olunmuş Fələstin ərazilərində İsrail tərəfindən divarın tikilməsi və məskunlaşma məsələlərinə dair Beynəlxalq Ədalət Məhkəməsinin 9 iyul 2004-cü il Konsultativ Rəyində birmənalı şəkildə qeyd edilmişdir ki, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsi, yaşayış məntəqələrinin tikilməsi, məskunlaşdırma praktikası və buna fait accompli (baş vermiş fakt) statusunun verilməsinə cəhd beynəlxalq hüquq nöqteyi nəzərindən qanunsuz və etibarsızdır, faktiki olaraq ərazinin anneksiyasına istiqamətlənib və heç bir halda Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyəcək.
Ərazilərin demoqrafik strukturunun dəyişdirilməsinin həm də hərbi cinayət olmasının nümunəsi 1946-cı ildə Nürnberq hərbi tribunalı tərəfindən 2 nəfərin işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsində təqsirli bilinməsidir.
İşğalçı Ermənistan dövləti və pozulan beynəlxalq hüquq normaları
Ermənistan doğurduğu humanitar nəticələrə görə dünya ictimaiyyəti tərəfindən qınanılan və beynəlxalq hüquqla birmənalı şəkildə qadağan olunan II Dünya Müharibəsi dövründəki praktikanı uzun illərdir ki, təkrarlayır. Belə ki, özünü dünya ictimaiyyətinə demokratik ölkə kimi təqdim edən bu dövlət müxtəlif dövlətlərin ərazilərində yaşayan (məsələn, Suriya, İraq, Livan və s.) etnik erməniləri işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz olaraq yerləşdirir. Bununla belə, Beyrut limanında 4 avqustda baş verən dağıdıcı partlayışdan yararlanaraq, livanlı erməni ailələrini Azərbaycan torpaqlarına köçürməklə, məskunlaşma və Azərbaycan torpaqlarını “erməniləşdirmə” siyasətini daha da aktivləşdirmişdir. Bu qanunsuz məskunlaşdırma Ermənistan dövlətinin işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətinin bir hissəsidir və XIX əsrdən Azərbaycan torpaqlarına köçürülən ermənilərin sayını süni surətdə artırmağa və bununla həmin ərazilərin etnik mənzərəsinin dəyişdirilməsinə, yəni kolonizasiyaya yönəlib. Bu o deməkdir ki, Ermənistan dövləti fait accompli statusu yaratmaq və Azərbaycan torpaqlarını faktiki anneksiya etmək niyyəti daşıyır.
İşğal ərazilərində yaşayış məntəqələrinin yaradılmasına, genişləndirilməsinə və ya möhkəmləndirilməsinə yönələn istənilən hərəkətlər, habelə bu ərazilərə əhalinin köçürülməsi qanunsuzdur və 1949-cu il Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüquq normalarının ciddi pozuntusudur. İşğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasəti aparmaqla, Ermənistan təkcə beynəlxalq humanitar hüquq normalarını pozmur, həm də azərbaycanlı əhalinin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası ilə qorunan hüquq və azadlıqlarına, mülkiyyət hüququna, o cümlədən iqtisadi, sosial və mədəni hüquqlarına da qəsd edir. Halbuki hər hansı ərazinin işğal edilməsi faktı işğalçı dövləti beynəlxalq hüquqdan kənara qoymur, əksinə onu işğal faktından irəli gələn əlavə beynəlxalq hüquqi öhdəliklərlə yüklü edir. İşğalçı dövlət beynəlxalq humanitar hüquq normalarına əlavə olaraq, işğal etdiyi ərazilərdə insan hüquqları haqqında beynəlxalq normalara da hörmət olunmasını təmin etməlidir.
İşğal olunmuş Azərbaycan torpaqlarında törədilmiş bütün hərbi cinayətlərə, o cümlədən ərazilərimizin etnik tərkibinin dəyişdirilməsinə görə məsuliyyətin daşıyıcısı Ermənistan dövlətidir
Beynəlxalq hüquq, ərazi işğal edən dövləti həmin ərazidə beynəlxalq hüquq normalarının pozulmasına görə tam məsul görür. Belə ki, hərbi işğal zamanı işğalçı dövlət suverenlik hüququ ötürülmədən, faktiki olaraq qanuni hakimiyyəti əvəz edir və işğal etdiyi ərazi üzərində mütləq hərbi hakimiyyətə malik olur. Ermənistan
dövləti də Azərbaycan torpaqlarını işğal etdiyindən, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin də müəyyən etdiyi kimi münaqişənin ilk günündən işğal ərazilərində “effektiv nəzarəti” həyata keçirdiyindən məhz o, bu ərazilərdə beynəlxalq hüquq normalarının pozulmasına görə tam cavabdehlik daşıyır.
Yenə də ikili standartlar
Bir dövlətin törətdiyi hüquq pozuntusuna reaksiya verib,digərinin eyni əməlinə göz yummaq beynəlxalq hüquqa ziddir və çox təhlükəli presedentlərə zəmin yaradır. İsrailin Fələstin torpaqlarında məskunlaşdırma siyasəti beynəlxalq səviyyədə qınanıldığı halda, çox üzücü haldır ki, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi Azərbaycan torpaqlarında etnik dəyişiklik siyasəti ən azı eyni cavab tədbirləri ilə qarşılanmır. Halbuki hər bir dövlət beynəlxalq hüquq normalarının pozulması məsələsini qaldırmaq kimi beynəlxalq öhdəliyə və hüquqa malikdir. İşğal olunmuş ərazilərdə törədilən hərbi cinayətlərə göz yummaq, habelə işğalçı və işğal etdiyi ərazilərdə davamlı olaraq beynəlxalq humanitar hüquq normalarını pozan dövlətlə hər hansı siyasi və ya iqtisadi əlaqələri saxlamaq beynəlxalq hüquq normalarının pozuntusudur.
Bütün yuxarıda göstərilənlərdən irli gələrək qeyd edirik ki, Azərbaycan torpaqlarında beynəlxalq hüquq normalarının pozulması məsələsinə təkcə Azərbaycan deyil, digər dövlətlər də, istər ərazi işğalından əziyyət çəkən, istərsə də işğalla üz-üzə gəlməyən, reaksiya verməlidir. Bu zaman ikili standartlara son qoyularaq, Ermənistan dövlətinə qarşı effektiv sanksiyalar tətbiq olunmalı, Ermənistan hakimiyyəti xüsusi ilə iqtisadi sanksiyalara və xaricdəki bank hesablarının dondurulmasına məruz qalmalıdır. Çünki müxtəlif beynəlxalq təşkilatların çoxsaylı hesabat və çağırışlarının kağız üzərində qalması kimi təəssüfedici praktika ilə dəfələrlə üz-üzə qalmışıq

Rəqəmlərdə

  • 342

    Events
  • 10

    Departments
  • 171

    Publications

TƏDBİRLƏRİMİZ