İşğalçı və separatçı Ermənistan 30 ildir ki, beynəlxalq hüquq normalarını pozur

Terror və soyqırımı siyasətini dövlət siyasətinə çevirmiş işğalçı Ermənistanın Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiası artıq 30 ildir ki, davam edir. 1993-cü ildən Ermənistanın dövlət səviyyəsində Cenevrə Konvensiyalarına qoşulmasına baxmayaraq, hərbi əməliyyatlar nəticəsində yaranmış fəlakətləri yüngülləşdirmək məqsədi ilə tənzimləyən, silahlı münaqişələr dövründə tətbiq edilən yeganə qaydalar məcəlləsi olan və “müharibə hüququ” adlanan humanitar hüquq erməni hərbçiləri tərəfindən bu günə kimi kobudcasına pozulur.
Erməni işğalçıları tərəfindən 1948-ci il 10 dekabr tarixli Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələri, 1974-cü il14 dekabr tarixli “Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”, 1948-ci il 9 dekabr tarixli “Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”nın tələbləri, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyaları, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və Beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli I Protokolun III hissəsi və 1989-cu il 20 noyabr tarixli “Uşaq Hüquqları haqqında Konvensiya”nın müddəaları məqsədyönlü şəkildə pozulur.
Dünyaya özünü soyqırıma məruz qalmış “əzabkeş və zavallı” xalq kimi tanıdan erməni quldurları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə başladıqları gündən qadın və uşaqları fiziki, mənəvi, psixoloji işgəncələrə, qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə məruz qoyublar. Qaradağlı və Xocalı faciələri, Ağdaban və Ballıqaya qətliamları zamanı mülki əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı amansızlıq və görülməmiş vəhşiliklər nümayiş etdiriblər.
12 may 1994-cü ildə atəşkəs elan olunandan 2020-ci il sentyabr ayının 27-ə kimi 32 nəfər azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13 nəfəri həlak olub, 19 nəfəri isə ağır yaralanıb. 2017-ci il iyul ayının 4-də Füzuli rayonunun Alxanlı qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən təxribat nəticəsində minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 14 aylıq körpə Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.
1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və Beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli I Protokolun 37-ci maddəsində bəyan edilən əsas prinsiplərdən birində qeyd edilir ki, münaqişədə iştirak edən Tərəflər mülki əhaliyə və mülki obyektlərə hörmət və himayəni təmin etmək üçün hər zaman mülki əhali ilə döyüşçülər arasında, eləcə də mülki obyektlər və hərbi obyektlər arasında fərq qoymalı və buna uyğun olaraq, öz əməliyyatlarını yalnız hərbi obyektlərə qarşı yönəltməlidirlər. İllərdən bəri törətdikləri cinayətlər cəzasız qaldığı səbəbindəndir ki, bu il oktyabrın 11-də, gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket atəşinə məruz qalmış, nəticədə 5-i qadın olmaqla 10 nəfər dinc sakin həlak olub, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə 34 nəfər yaralanıb. Gəncəyə atılan raket hücumu nəticəsində 3 uşaq hər iki valideyni itirib. 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri – Anar Əliyev və Nurçin Əliyevanı itiriblər. Həmçinin 2 yaşlı körpə Nilay da hər iki valideynini – atası Ülvi Ələsgərovu və anası Günay Əliyevanı itirib.
Terroru və soyqırımı dövlət səviyyəsində dəstəklədiyini bir daha sübut edən Ermənistan oktyabr ayının 16-dan 17-ə keçən gecə Gəncə şəhərinə, mülki əhalinin sıx məskunlaşdığı əraziyə SCUD/Elbrus taktiki ballistik raketləri atıb. Nəticədə 10 nəfərdən çox mülki şəxs həyatını itirib, 40 nəfər isə ağır yaralanıb.
Terroru və soyqırımı dövlət səviyyəsində dəstəklədiyini bir daha sübut edən Ermənistan oktyabr ayının 16-dan 17-ə keçən gecə Gəncə şəhərinə, mülki əhalinin sıx məskunlaşdığı ərazilərə SCUD/Elbrus taktiki ballistik raketləri atıb. Nəticədə 10 nəfər mülki şəxs həyatını itirib, 40 nəfər isə ağır yaralanıb.
BMT-nin 2019-cu il 2 avqust tarixli silahlı münaqişələr zamanı uşaqların vəziyyətinə həsr edilmiş 8591 saylı iclasında BMT baş katibi Antoniu Quterreşin “Uşaqlar silahlı münaqişlərdə” mövzusunda rəsmi məruzəsində (S/2019/509) son illərdə dünyanı bürüyən silahlı münaqişələr zamanı uşaq hüquqlarının qorunması ilə bağlı qəbul olunmuş qətnamələrə əməl olunmadığını, uşaq hüquqları ilə bağlı qəbul olunmuş öhdəliklərin kobud şəkildə pozulduğunu vurğulayıb. Baş katib qeyd edib ki, silahlı münaqişələrin ilkin zorakılıq qurbanları uşaqlardır. Aldıqları xəsarətlər onları uşaqlıqlarından və yetkin həyatlarından məhrum edir, ağır, mənəvi iztirabları daima onların ruhunda silinməz izlər buraxaraq, ömrü boyu onları narahat edir.
Silahlı münaqişələr zamanı mülki əhalinin, o cümlədən uşaqların hüquqi vəziyyəti 1907-ci il tarixli Quru müharibələrinin adət və qanunları haqqında Haaqa Konvensiyası, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və 1977-ci il 8 iyun tarixli Cenevrə Konvensiyalarına I və II Əlavə Protokollarda müəyyən edilir.
1992-1993-cü illərdə ərazilərimiz işğal olunan zaman 71 nəfər uşaq itkin düşüb, şahid ifadələrinə əsasən 29 uşaq hələ də girovluqdadır, ermənilər tərəfindən işgəncələrə məruz qaldıqdan sonra 229 nəfər uşaq azad edilib.
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqda davam edir. Hətta atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra işğaldan azad edilmiş Suqovuşan ərazisində sanitar maşınının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibb xidməti qulluqçusu ağır yaralanıb.
Cari il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində bu günə kimi 46 mülki şəxs həlak olmuş, 211 nəfər yaralanmış, 1 200-dən artıq şəxsi ev və mülki obyekt dağıdılıb. Ağdam və Füzuli rayonlarının işğal altında olmayan kənd və qəsəbələri, Tərtər, Ağcabədi və Bərdə rayonlarının əraziləri erməni ordusu tərəfindən durmadan ağır artilleriya hücumlarına məruz qalır. Nəticədə həmin ərazilərdə yaşayan və 27-28 ildən bəri məskunlaşmış günahsız müharibə qurbanları olan, yurd həsrəti ilə yaşayan məcburi köçkünlər illər keçəndən sonra ikinçi dəfə psixoloji gərginliyə məruz qalıblar.
Nədənsə, demokratik dəyərlərə malik olan dünya ictimaiyyəti və sülhün, insan hüquqlarının keşiyində duran nüfuzlu beynəlxalq təşkilatlar ermənilərin insanlığa sığmayan hərəkətlərinə qarşı heç bir bir reaksiya vermir, öz hərəkətləri ilə bütün regionun sabitliyini təhlükə altına qoya biləcək təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırmaq əvəzinə, susqunluq və hər zaman olduğu kimi ikili standartlardan mövqe nümayiş etdirirlər.
Fransız filosofu Prudon müharibə haqqında belə deyirdi “güc kimin tərəfindədirsə, həqiqət də oradadır”. Bu gün güc və həqiqət Azərbaycan xalqının tərəfindədir!
Günahsız uşaqları hədəfə alan, evlərini yerlə yeksan edən, dinc əhalini qətlə yetirən işğalçı Ermənistan layiq olduğu cavabı alacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağı altında qalan torpaqlarımızı azad edəcək, erməni təcavüzünə, amansızlığına son qoyacaq.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun
Dövlət təhlükəsizliyinin hüquqi təminatı
şöbəsinin böyük elmi işçisi Esmira Orucova

Rəqəmlərdə

  • 266

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ