Beynəlxalq müəlliflər kollektivinin multidissiplinar monoqrafiyası Sankt-Peterburqda işıq üzü görüb

AMEA-nın Hüquq və İnsan Haqları İnstititunun əməkdaşı, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin, eləcə də Rusiya, Qazaxıstan və digər Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin alimlərindən ibarət beynəlxalq müəlliflər kollektivinin “Müasir pandemiya reallığının çoxcəhətliliyi” (Многогранность современной пандемической реальности) adlı multidissiplinar monoqrafiyası Sankt-Peterburq şəhərində işıq üzü görüb.
Məlum olduğu kimi, 2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərində yerli ət bazarı ilə əlaqədə olmuş insanlarda müəyyən olunmuş naməlum mənşəli pnevmoniya xəstəliyi qısa zaman ərzində dünyanı öz cənginə alıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də həmin infeksiyanın adını “COVID-19” qoyub və martın 11-də koronavirus pandemiyası kimi elan edib.
Pandemiya Azərbaycandan da yan keçməyib və dövlət tərəfindən görülən bütün tədbirlərə baxmayaraq, yoluxmadan kifayət qədər ölüm halları baş verib. Və bu proses müəyyən dövrlərdə nisbi azalmaları çıxmaq şərti ilə hazırda da davam edir.
COVID-19 pandemiyası ilə bağlı müxtəlif sferalarda fəaliyyət göstərən mütəxəssislərin, tibb üzrə alimlərin bu virusun təbii yox, süni yaradılması, hətta bioloji və ya kimyəvi silah olması barədə fikirlər irəli sürməsi onun mənşəyi və təbiəti ilə bağlı birmənalı mövqenin olmamasına zəmin yaradıb.
Dünya səhiyyəsinə cavabdeh olan təşkilatın – ÜST-ün peyvəndləmə ilə bağlı ilk vaxtlardan davam edən birmənalı olmayan fikirləri də (koronavirusdan qorunmaq üçün yeganə yolun əvvəlcə iki doza vaksinin vurulmasının kifayətedici olmasının bəyan edilməsinə baxmayaraq, sonradan bu mövqedən imtina edilib üçüncü dozanın da vacib sayılması və s.) bu virus ilə bağlı ictimai rəydə sabit mövqeyin formalaşmasına mane olub.
Kütləvi informasiya vasitələrində koronovurusun “qlobal oyunların növbəti həlqəsi” olduğu, müəyyən “güc mərkəzləri”nin bundan həm siyasi, həm də iqtisadi məqsəd üçün istifadə etmələri ilə bağlı xəbərlərin yer alması isə pandemiya və korrupsiya mövzusunu aktuallaşdırıb.
Sadalanan fikir ayrıseçkiliklərini nəzərə alan beynəlxalq müəlliflər kollektivi ərsəyə gətirdiyi monoqrafiyada COVID-19 pandemiyasının tibbi, iqtisadi aspektləri ilə yanaşı, siyasi, hüquqi və s. cəhətləri də araşdırmaya cəlb edib.
Multidissiplinar tədqiqat əsərinin korrupsiya təzahürlərinin meylləri və müasir pandemiya gerçəkliyində onunla mübarizənin səmərələliyinə həsr olunan müstəqil 19-cu fəsli hüquq üzrə elmlər doktoru Nazim Əliyev tərəfindən işlənib hazırlanıb.
Monoqrafiya yalnız müvafiq sahə üzrə mütəxəssislər, ali təhsil və elm müəssisələrinin əməkdaşları üçün deyil, həmçinin geniş oxucu dairəsi üçün maraq kəsb edir.

Rəqəmlərdə

  • 323

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ