Başa çatmaqda olan 2021-ci il Hüquq və İnsan Haqları İnstitutunun “44 günlük diplomatiya dərsləri” və “Qayıdışdan doğan böyük dirçəliş” kimi mühüm nəticələri ilə yaddaqalan olub

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitunun 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat iclası keçirilib. İclasda çıxış edən İnstitutun baş direktoru hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə öncə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, həmçinin qəbul edilmiş Dövlət Proqramlarının icrasından irəli gələn elmi tədqiqat işlərindən danışıb.
Alim xatırladıb ki, rəhbərlik etdiyi elmi tədqiqat müəssisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli Sərəncamında doqquz istiqamət üzrə qarşıda duran mühüm məsələlərin həllinə görə əsas icraçı strukturdur.
Aytən Mustafazadə adıçəkilən Sərəncamla təsdiq edilmiş Milli Fəaliyyət Proqramının “Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi”, “İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi” və digər müvafiq bəndlərinə görə il ərzində görülən işlərin icra vəziyyəti barədə fikirlərini bölüşüb.
Ümumiyyətlə, hesabat dövründə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun alim və mütəxəssisləri tərəfindən 1 istiqamət, 6 problem, 6 mövzu, 16 iş üzrə araşdırmalar davam etdirilib.
2021-ci ildə tətbiq edilmiş mühüm nəticələrdən söz açan İnstitutun baş direktoru diqqətə çatdırıb ki, rəhbərlik elmi müəssisə tərəfindən üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr etdirilən “44 günlük diplomatiya dərsləri” (“Уроки дипломатии длиною в 44 дня” və “Diplomacy lessons in 44 days”) elmi ictimaiyyətin, kütləvi-informasiya vasitələrinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların, beynəlxalq təşkilatlaırn nümayəndəlikləri tərəfindən böyük maraqla qarşılanıb. Kitabda 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin Rusiya, Türkiyə, Böyük Britaniya, İspaniya, Almaniya, İtaliya, Yaponiya və ABŞ kimi dünyanın aparıcı ölkələrinin KİV qurumlarına, jurnalistlərə rus, türk və ingilis dillərində verdiyi çoxsaylı müsahibə və 600-dən çox cavablandırdığı sual yer alıb.
Aytən Mustafazadənin sözlərinə görə, İnstitut kollektivinin imza atdığı digər mühüm və dəyərli nəticə müəssisənin icraçı direktoru iqtisad üzrə fəlsəfə doktoru Fuad Hüseynovun “Qayıdışdan doğan böyük dirçəliş” kitabıdır. Alim qeyd edib ki, kitabda ulu öndәr Heydәr Əliyevin vә ölkә Prezidenti cәnab İlham Əliyevin uzaqgörәn vә praqmatik siyasәti nәticәsindә ölkəmizin qısa zaman kəsiyində sürətlə yüksələn iqtisadi vә siyasi nüfuz, eləcə də regionun aparıcı qüvvəsi kimi geosiyasi və geostrateji məsələlərin həlli istiqamətində mühüm söz sahibi olması diqqətə çatdırılır.
“Çoxəsrlik dövlətçilik ənənələrinə malik Azәrbaycan bu gün regionun әsas aktor ölkәsinә çevrilib. “Qayıdışdan doğan böyük dirçəliş” son 30 ildә ölkəmizin milli maraqlarımız naminə əldə etdiyi mühümtarixi nailiyyətləri, 44 günlük Vətən müharibәsindә qazandığımız şanlı qәlәbәnin müxtəlif istiqamətlərdə multidissiplinar təhlilini və maraqlı faktları özündə əks etdirir” – deyə baş direktor vurğulayıb.
İclasda, həmçinin Hüquq və İnsan Haqları İnstitunun 2021-ci ildə beynəlxalq əlaqələrindən, müvafiq sahədə fəaliyyət göstərən xarici elmi tədqiqat müəssisələri, həmçinin beynəlxalq və regional təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq nailiyyətlərindən və qarşıda duran perspektivdən söz açılıb. Keçirilmiş konfranslar, seminarlar, təqdimatlar, dəyirmi masa və digər mühüm tədbirlər haqqında məlumat verilib.
İnstitutun nəşriyyat fəaliyyətindən danışarkən deyə bilərik ki, hesabat dövründə alim və mütəxəssislərimiz tərəfindən 5 kitab, 1 broşur, 5 monoqrafiya, 101 məqalə (onlardan 18-i xaricdə) və 50 tezis çap edilib. Kütləvi İnformasiya Vasitələrində 50-dən çox müsahibə və çıxışları, müxtəlif mövzulara dair açıqlamaları, elmi-publisistik məqalələri işıqlandırılıb.
Aytən Mustafazadə elmi kadrların hazırlanması məsələlərinə də toxunub. Qeyd edib ki, hazırda AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə əyani və qiyabi təhsil formasında ümumilikdə 10 nəfər doktorant və 20 nəfər dissertant təhsil alır. Hesabat ilində elmlər doktoru hazırlığı proqramına uyğun olaraq 27 nəfər öz elmi tədqiqat işini davam etdirib. Həmçinin 2021-ci ildə 5 nəfər Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına, 4 nəfər isə elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbul olunub.
Hesabat ətrafında aparılan müzakirələrdə müvafiq şöbələrin rəhbərləri, mühüm nəticələrin icraçıları yaxından iştirak ediblər, rəy və təkliflərini səsləndiriblər.
Sonda həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb. İnstitutun baş direktoru professor Aytən Mustafazadə öz növbəsində, elmi müəssisənin alim və mütəxəssisləri tərəfindən hesabat ili ərzində əldə edilmiş elmi nailiyyətləri yüksək qiymətləndirib. Qarşıda duran prioritet vəzifələrdən və yeni tədqiqat istiqamətlərindən danışıb, fikir və tövsiyələrini diqqətə çatdırıb.

Rəqəmlərdə

  • 355

    Events
  • 10

    Departments
  • 173

    Publications

TƏDBİRLƏRİMİZ