Anons

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı Aytən xanım Mustafazadənin “Бакинский рабочий” qazetinin 25 oktyabr 2018-ci il tarixli buraxılışında “Cəmiyyət və mədəniyyət Azərbaycan milli ideyasının dinamika və potensialı: başlanğıcdan qlobal dünyaya innovasiyon çıxışlara qədər” başlığı altında yeni məqaləsi dərc olunub.

Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz:
http://www.br.az/society/20181025100540783.html#page999

CƏMİYYƏT VƏ MƏDƏNİYYƏT

Azərbaycan milli ideyasının dinamika və potensialı: başlanğıcdan qlobal dünyaya innovasiyon çıxışlara qədər

“İnkişafımızın əsasını ulu öndər Heydər Əliyevin siyasəti təşkil edir. Biz bu siyasətə sadiqik, seçdiyimiz yoldan geri dönməyəcəyik, həmişə irəli gedəcəyik!”
Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdiyi və demək olar ki, tarixin salnaməsinə yazılmaqda olan 2018-ci il milli Azərbaycan dövlətçiliyi ilə üzvi şəkildə bağlı olan mühüm hadisələrlə çox zəngindir. Mürəkkəb təşəkkül və inkişaf yolu keçən suveren dövlətimizin milli ideyası humanist istiqaməti, dərin məzmunu ilə fərqlənir və ümumdünya sivilizasiyasında Azərbaycanın əhəmiyyətli yerini müəyyənləşdirir. Ümummilli liderimiz Heydər Əliyevin – mən fəxr edirəm ki, mən azərbaycanlıyam – şəxsi amalı xalqın xüsusi, əyilməz ruhunu ifadə edərək, azərbaycançılıq ideyasının kvintessensiyasını əks etdirir.

Bu ilin aprelində seçkiqabağı kampaniya prosesində özünü büruzə verən azərbaycançılıq ideyasının əsasında xalqın birliyinin dərk edilməsi və möhkəm milli konsolidasiya bütün ümumtanınmış sosioloji meyarlara görə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun ölkə əhalisi tərəfindən mütləq şəkildə dəstəklənməsini sübut edir. Prezident İlham Əliyevin “bizim mənəvi dayağımız” olaraq müəyyənləşdirdiyi məhz azərbaycançılıq ideyası dövlət başçımız tərəfindən “müstəqil siyasət, milli maraqların müdafiəsi, milli ləyaqət, milli qürur, milli və dini həmrəylik” kimi qeyd olunan müasir Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirmişdir.

Prezident İlham Əliyev xalqın dəstəyini son 15 ildə görülən işlərə verilən qiymət kimi dəyərləndirir, “15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır. Lakin biz daha güclü olmalıyıq”. Prezident İlham Əliyev dördüncü dəfə xalqın yüksək etimadını qazanmışdır. Bu isə dövlətimizin lideri ilə bütün cəmiyyətin vəhdətini yaradan milli azərbaycançılıq ideyasının sosial-siyasi nəticələrinin səmərəliliyinin mühüm impulsunu sübut edir və milli inkişafın hədəflərinə birbaşa cavab verir.

Milli ideyanın formalaşmasının tarixi-mədəni və siyasi təcrübəsini əks etdirən 2018-ci ilin əlamətdar hadisələri arasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi və Azərbaycan parlamentarizminin təşəkkül tapması ilə əlaqədar təntənəli tədbirləri xüsusi qeyd etmək lazımdır. Müsəlman Şərqində ilk demokratik dövlət olan AXC milli tariximizdə ilk dəfə olaraq xalqı dövlət hakimiyyətinin əsas və başlıca subyekti səviyyəsinə qədər yüksəldən bir dövlət kimi formalaşmış, bu isə layiqli milli özünüdərkin yaranmasına səbəb olmuşdur.

Azərbaycan Milli Ordusunun yaradılmasının və bundan cəmi bir neçə ay sonra milli ordu, könüllülər və Qafqaz İslam Ordusu tərəfindən Bakının işğalçılardan azad edilməsinin 100 illiyinə həsr olunmuş iki möhtəşəm hərbi paradı da qeyd etməmək olmaz. Ümumxalq qürur hissinə səbəb olan bu hərbi paradlar hazırda beynəlxalq reytinqlərə əsasən, dünya miqyasında 50 ən güclü ordu sırasına daxil olan və ən müasir silahlarla təchiz edilən Azərbaycan ordusunun diqqətçəkən imkanlarını nümayiş etdirmişdir.

2016-cı ildə döyüşçülərimiz tərəfindən erməni işğalçılarından azad edilmiş Ağdərə, Füzuli və Cəbrayıl torpaqlarında ucaldılmış Azərbaycan bayraqları “Azadlıq” meydanına gətirilərkən hər birimizin qəlbi qürur və fərəh hissi ilə aşıb-daşırdı. 2018-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədinin erməni işğalından azad edilmiş Naxçıvan hissəsində qaldırılmış üçrəngli bayrağımız Prezident İlham Əliyevin bu sözləri altında dalğalanırdı: “Gün gələcək, Azərbaycanın Dövlət bayrağı bu gün işğal altında olan bütün torpaqlarımızda qaldırılacaq”.

Fikrimcə, tamamilə qanunauyğundur ki, suveren Azərbaycanın aktiv sosial-siyasi, iqisadi və mədəni həyatında baş verən bu cür əhəmiyyətli hadisələr çağdaş siyasi və sosial inkişaf nəzəriyyələri ilə məşğul olan peşəkar insanlarda elə bir ehtiyac yaradır ki, onlar dolğun azərbaycançılıq ideyasını ehtiva edən ikicildlik “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası” və “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitablarına yenidən müraciət etsinlər. Milli ideyanın genezisi, mahiyyəti və rolunu əhatə edən ikicildliyin müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Prezienti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir. Həm humanitar, həm də sosial-siyasi sferada çalışan Azərbaycan tədqiqatçılarının görkəmli Azərbaycan nəzəriyyəçi-alimi və dövlət idarəçiliyi praktiki, akademik Ramiz Mehdiyevin əsərlərinə olan dərin marağı milli ideya fenomeninin siyasi-tarixi və fəlsəfi-mədəni təhlilinin metodoloji sinergetikasını anlamaq imkanı ilə bağlıdır. Böyük həcmli və çoxşaxəli faktik materialları təhlil edən akademik Ramiz Mehdiyev ümummilli özünüdərkin formalaşmasını milli inkişafın prioriteti kimi müəyyənləşdirir. Sinkretik olaraq, maarifçi tərkibi və ictimai-siyasi istiqaməti ilə inkişaf edən milli ideya Azərbaycan xalqının milli özünüdərkinin yüksəlməsi prosesində, onun maddi və mənəvi mədəniyyətinin dirçəldilməsində, maarifçiliyin çiçəklənməsində, ictimai-siyasi partiya və hərəkatların formalaşmasında, Azərbaycan cəmiyyətinin ümumavropa dəyərlərini qəbul etməsində öz təsdiqini tapmışdır. XX əsrin əvvəllərində Azərbaycan liberalizmi ümumdemokratik Avropa

ənənələrinə cavab verən hüquqi dövlətin nəzəri modelinin əsaslarını bir çox məsələlərdə müəyyən etmişdir.

Akademikin tədqiq etdiyi ümumetnik, sonra isə milli konsolidasiyanın inkişafı milli-siyasi dövlət konsolidasiyası ilə qanunauyğun şəkildə eyniləşmişdir. Dövlət və etnomilli məkanın bu sintezi özünün bütün vətənpərvərlik və milli ləyaqət gücü ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hələ sovet dövründə müdafiə olunurdu. Nəticədə, o zaman “diasporun donor yardımına və öz iztirablarına həmdərdlərə” malik olmayan Ermənistan ekspansionist planlarını həyata keçirə bilməmiş və Azərbaycan torpaqlarının heç bircə qarışını da zəbt edə bilməmişdi.

Akademik Mehdiyevin işlədiyi milli və siyasi təfəkkür sahələrinə məxsus olan azərbaycançılıq ideyasının bir fenomen kimi dərk edilməsi ilə daxili və xarici mühitdə praktik siyasət kimi milli mövcudluq arasında korrelyasiya metodologiyası, fikrimizcə, xüsusilə vacibdir. Alimin istifadə etdiyi metodologiya Azərbaycanda yaradılan müasir industrial cəmiyyətin növbəti mərhələyə - Azərbaycanın innovasiya modernləşməsinin sosial və iqtisadi resursları əsasında XXI əsrin postindustrial cəmiyyətinə tədrici keçid mənzərəsini aşkarlayır.

Azərbaycanın çağdaş siyasi inkişaf prosesi hər şeydən öncə milli azərbaycançılıq ideyasının dərin sosiallığını təyin edir. Çünki milli ideya hakimiyyət strukturları tərəfindən yalnız milli-mənəvi dəyərlər əsasında gerçəkləşdiriləcək milli vəhdət və maraqların dəyər oriyentasiyalarını dərk etməklə formalaşır. “Yeni Azərbaycan” Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş iclasda çıxış edən Prezident İlham Əliyev xüsusilə bildirmişdir ki, “müasir Azərbaycan dövləti möhkəm milli-mənəvi dəyərlər üzərində qurulmuşdur”.

Milli-dövlətçilik eyniliyinin teleoloji və aksioloji konseptlərini əsaslandıran akademik Ramiz Mehdiyev ölkə əhalisinin əksəriyyətinin maraq, istək və ümidlərini əks etdirən və “Yeni Azərbaycan” Partiyası tərəfindən təbliğ olunan azərbaycançılıq ideologiyasının tarixi missiyasını təhlil edir. Partiyanın parlament seçkilərində yüksək reytinqi belə bir vəhdəti sübut edir və bu, dövlətimizin qanunverici orqanında hər dəfə 125 yerdən təqribən 110-115 yerin “Yeni Azərbaycan” Partiyası tərəfindən tutulmasına imkan verir. Ölkəmizdə siyasi partiyaların və çoxpartiyalı sistemin inkişafı və fəaliyyəti “Yeni Azərbaycan” Partiyasının aparıcı rolu şəraitində sosial maraqların dövlət səviyyəsində siyasi təmsilçiliyinin əsas institutu qismində çıxış edir. Beləliklə, ümummilli liderimiz Heydər Əliyevin formalaşdırdığı “Yeni Azərbaycan” Partiyasının ideologiyası “çərçivə” dövlət ideologiyası finksiyasını icra edir. Onun əsas prinsiplərinin ölkəmizin Əsas qanununda – Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması tamamilə qanunauyğun haldır.

Fikrimizcə, azərbaycançılıq dövlət ideologiyasının “çərçivə” effektliyini müəyyən edən indikatorlar sırasına aşağıdakı faktorları aid etmək olar: dövlət hakimiyyətinin bütün qollarının sabit fəaliyyəti; Konstitusiyanın yuridik və faktik təminatı; insan və vətəndaşların hüquq və azadlıqlarına təminatın hüquqi çoxşaxəli sistemi cəmiyyət və dövlətin ən ali dəyəri kimi; ideoloji müxtəliflik və siyasi

plüralizm; iqtisadi fəaliyyət azadlığı və şəxsi mülkiyyət hüququnun təmin olunması.

Milli-dövlət eyniliyinin formalaşmasının müasir institusional praktikası məhz milli ideyanın və dövlət hakimiyyətinin siyasi-hüquqi dəyərləri haqqında onu müşayiət edən kollektiv təsəvvürlərin dominant əhəmiyyətini sübut edir. Azərbaycançılığın milli-vətənpərvərlik ideologiyası dövlətçiliyimizin inkişafının mental qoruyucusu olaraq çıxış edir və ümummilli birliyimizin və siyasi sabitliyin sarsıdılması üçün hər hansı cəhdlərə qarşı keçilməz sipər yaradır.

Bütövlükdə, dünya siyasətinin burulğan xarakteri, qloballaşma şəraitində ölkələr və hakim elitalar qarşısında duran çağırışlar və həlli mürəkkəb vəzifələr bəşəriyyətin milli ideyanın inkişafında olan tarixi təcrübəsinin təhlilini tələb edir. Müasir inkişafın siyasi praktikası əminliklə göstərir ki, qloballaşma çağırışları ilə üzləşən milli dövlətlər çağdaş qarşılıqlı asılı və qarşılıqlı bağlı dünyaya adekvat cavabları məhz milli ideyada axtarmağa çalışırlar. Akademik Ramiz Mehdiyev milli ənənə və təlimlərə əsaslanan və modernləşmə sahəsində görkəmli uğurlar qazanan Şərqi Asiya ölkələrinin dövlət ideologiyalarına müraciət edir.

Akademik Mehdiyevin qeyd etdiyi kimi, inkişaf parametrlərini və onlara nailolma vasitələrini təyin edən dövlət ideologiyası bir dəyər konstruksiyası olaraq onu nəzərdə tutur ki, dövlətyaradıcı xalq “özünün ümumi, milli ideologiyasına, onun tarixi, ənənələri və mədəniyyəti ilə müəyyənləşən dəyərlər sistemi iyerarxiyasına malik olmalıdır”.

Azərbaycançılıq milli ideologiyası kimi təsbit olunan dövlətçiliyin inkişafının konseptual əsaslarının qəbul edilməsi Azəbaycanda yaşayan millətlərin və xalqların bütün mümkün ədavət və əsassız qarşıdurmalarını qəti şəkildə aradan qaldırdı, onların bərabər hüquqlarını təsdiqlədi. Səciyyəvi haldır ki, monomilli dövlət yaradan təcavüzkar Ermənistan artıq bu gün çoxmillətli dövlətlərə tanış olmayan tamamilə yeni problemlərlə üzləşir.

Ölkə üçün mümkün xarici təhdidlər, Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla həll olunmaması, üçüncü minilliyin çox mürəkkəb çağırışları milli suveren Azərbaycan dövlətçiliyinin innovasiyon inkişaf prosesinin güclü katalizatorlarıdır. Qloballaşma şəraitində o dövlətlər əhəmiyyətli nailiyyətlər əldə edir ki, həmin dövlətlərin milli ideyasında rasional dövlət idarəçiliyi, tarixi ənənələr və mədəni-milli dəyərlər sintez halındadır. Bu cür uğurlu inkişafa ən parlaq nümunə kimi Azərbaycan Respublikası göstərilə bilər. Ölkəmiz öz iqtisadi potensialını və insan kapitalını intensiv surətdə inkişaf etdirir ki, bunlar da birlikdə səmərəli innovasiya modernləşməsinin fəal təminatı deməkdir. Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd etmişdir ki, “Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir. Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Qeyd etdiyim bütün məsələlər - istər xarici siyasətlə, daxili siyasətlə, iqtisadiyyatla bağlı olan bütün nailiyyətlər bu məqsədə xidmət göstərir ki, bizim müstəqilliyimiz daha da möhkəmlənsin. Biz əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir”.

Milli ideya hər bir konkret tarixi şərait üçün dəyişilməz şəkildə tətbiq oluna bilən hansısa mütləq ehkam kimi çıxış edə bilməz. Akademik Ramiz Mehdiyev milli ideyanın formalaşması prosesinin çoxvariantlığnı təyin edən mədəni-etnik, emosional-mental, siyasi-hüquqi və institusional amillərin mürəkkəb dialektikasını təqdim etmişdir. Lakin xüsusilə əhəmiyyətlidir ki, Ramiz Mehdiyevin dövlətçilik-idarəetmə təcrübəsi onu millətin özünüeyniləşdirməsi ilə milli liderlik arasında üzvi vəhdətin olması barədə qənaətə gətirmişdir. Millət, əsasən, milli ideyanın nüvəsini formalaşdıran milli liderin aparıcı, başlıca rolu sayəsində, xalqın özünüdərkini müəyyənləşdirən baxış və təsəvvürlərin məcmusu kimi onun ideologemi sayəsində özünü formalaşdırır və reallaşdırır. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində “müstəqil Azərbaycan dövləti hətta Ermənistanla müharibə şəraitində belə, demokratik institutları inkişaf etdirərək və iqtisadiyyatını möhkəmləndirərək modernləşmə sıçrayışı etmişdir”.

Milli ideyanın dünyagörüş, dəyər-oriyentasiya və tənzimləyici funksiyası uğurlu milli inkişafın konsolidasiya əsası qismində çıxış edir. “XX əsrin axırları – XXI əsrin əvvəlləri Azərbaycan xalqının həyatında taleyüklü olmuşdur. Milli tariximizin məhz bu mürəkkəb dövründə sosial-siyasi hadisələr milli arenaya yenə də Heydər Əliyevi, sonra isə İlham Əliyevi təqdim etdi. Əsl milli lider olan məhz onlar millətin daxili enerjisini qurucu vəzifələrin həllinə yönəltməyi, sağlam vətənpərvərliyi dövlət siyasəti dərəcəsinə qaldırmağı və Azərbaycanda XXI əsr cəmiyyətinin – postindustrial cəmiyyətin formalaşması üçün əsas yaratmağı bacardılar ki, bu da çağdaş milli ideyamızın başlıca hədəfidir”.

Milli ideyanın formalaşması prosesinin qeyri-xəttiliyi fonunda milli-mədəni dəyərlərin transmissiyasını müəyyənləşdirən endogen və ekzogen amilləri təhlil edən akademik Ramiz Mehdiyev əminliklə sübut edir ki, “azərbaycançılıq – xalqımızın çətinliklə əldə etdiyi tarixi dəyərdir, gerçək müstəqilliyin əldə edilməsi açarıdır, vahid, bütöv Azərbaycanın qorunması və möhkəmləndirilməsidir. Bu gün azərbaycançılıq – milli həyatın, konfessiyaların çoxəsrlik ənənəvi harmoniyasıdır, qardaşlıq tarixidir, ölkədə yaşayan bütün millət və etnik qrupların qarşılıqlı fəaliyyəti və qarşılıqlı təsiridir, müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizədə onların tarixi təcrübəsidir”.

Akademik Ramiz Mehdiyev ardıcıl və əsaslı olaraq göstərir ki, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və Prezident İlham Əliyevin inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası etnik deyil, ideoloji və siyasi xarakter daşıyır. Azərbaycançılıq milli ideyası sosiomədəni fenomen olaraq kompleks səciyyəvi xüsusiyyətləri əhatə edir. Bunlar təkcə milli eyniləşdirmə prosesinə deyil, həmçinin tolerantlıq və multikulturalizmin dəyər, norma və davranış standartlarına daha çox konqruyentdir. Ölkəmizdə “kim özünü azərbaycanlı kimi hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi yalnız Azərbaycan türkü olaraq doğulanlar üçün aktual deyildir, habelə etnik bağlantısız bütün ölkə vətəndaşıları üçün aktualdır.

Müasir şəraitdə milli ideyanın formalaşması və inkişafı amillərinin dərindən dərk edilməsi daha çox tələb olunur. Bu amillər ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi rəhbərlikləri altında nail olunmuş

Azərbaycan xalqının demokratik milli-siyasi konsolidasiyasının formalaşmasının siyasi idarəçiliyində praktik təcrübənin əhəmiyyətli elementi olmuşlar.

Qloballaşmış inkişafın əsas subyektləri kimi dövlətlər üçün sosial-fəlsəfi, tarixi və mədəni-antropoloji mövqelərdən aktual olan milli ideya problematikasını işləyən akademik Ramiz Mehdiyev bir sıra fundamental nəticələrə gəlmişdir. Birincisi, milli ideya milli özünüdərkin formalaşmasında aparıcı rol oynayır, lakin onun formalaşma yolları çox mürəkkəbdir və “yalançı hədəf”dən də xali deyil. İkincisi, ideyanın məhz milli forma alması üçün o, etnik və milli dərkin, eləcə də özünüdərkin bərqərar olması mərhələsini keçməlidir. Üçüncüsü, əhalinin bir hissəsinin hədəflərinin hamınınkı kimi qələmə verildiyi “yalançı təfəkkür”ün əsirinə çevrilməmək önəmlidir, milli ideya isə “ictimai maraqların inteqratoru” olmaq məqsədi daşıyır. Dördüncüsü, milli ideya həmin sosiumun açıqlığının və demokratikliyinin özünəməxsus siqnalı kimi çıxış edir, lakin qapalı cəmiyyətlərdə onu aqressiv millətçilik əvəz edir.

XXI əsrdə suveren Azərbaycanın innovasiya çıxışının sistemyaradıcı amili qismində milli ideya dövlət-konseptual fenomen kimi çıxış edir. Bu, ölkənin inkişafının strateji seçimini, vətənpərvərliyin və milli birliyin intensionallıq mexanizminin effektliyini müəyyən edir. Milli ideyanın konsolidasiya təməli Azərbaycana öz bənzərsizliyini qorumaqla, qloballaşmanın çağırışlarını ləyaqətlə qəbul etməyə, beynəlxalq miqyasda tərəfdaşlıq prinsipləri əsasında səmərəli əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Tarixi varisliyin mübahisəsiz faktoru olan Azərbaycan xalqının milli ideyası sivil inkişafı daha çox stimullaşdırır və çağdaş siyasi idarəçiliyə adekvat suverenlik prinsipləri və onların həyata keçirilməsində dövlət kursunun rolu haqqında təsəvvürləri təsdiq edir.

Aytən MUSTAFAZADƏ,
AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru,
hüquq üzrə elmlər doktoru,
professor, Milli Məclisin deputatı

Rəqəmlərdə

  • 138

    Events
  • 10

    Departments
  • 141

    Publications

TƏDBİRLƏRİMİZ