“vƏtƏn Övladi” orderİnİn tƏqdİm olunma mƏrasİmİ

 AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda institutun elmi şurasının üzvü, səfir, hüquq elmləri doktoru, professor Namiq Əliyevə “Vətən övladı” ordeninin təqdim olunması mərasimi keçirilmişdir. “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi bu mükafat Vətənimizin inkişafı uğrunda elmi-mədəni xidmətlərinə, Azərbaycanın Qarabağ ərazisinin erməni işğalçılarından azad olunması istiqamətində verdikləri töhfəyə, işğal edilmiş ərazilərimizlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasına, geniş elmi-maarifçilik və təşviqat işlərinə görə ictimai-siyasi xadimlərə, alim və tədqiqatçılara verilir.

Tədbiri açan Hüquq və İnsan Haqları İnstitutunun Elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Lalə Əhmədova bildirmişdir ki, Namiq Əliyev ölkəmizin hüquq elminə böyük töhfələr vermiş insandır. O, harada və hansı sahədə işləməsindən asılı olmayaraq, həmişə əsl vətəndaş, əsl alim mövqeyindən çıxış etmiş, Vətəninə, xalqına vicdanla xidmət etmişdir. N.Əliyev Hüquq və İnsan Haqları İnstitutu ilə  daim sıx əlaqələr saxlamış, Gürcüstanda və Moldovada səfir işlədiyi müddətdə də, Azərbaycana hər gəlişində İnstitutun tədbirlərində fəal iştirak etmişdir. L.Əhmədova onu da vurğuladı ki, 1995-ci ildə Azərbaycan Konstitusiyası layihəsinin, eləcə də parlament tərəfindən qəbul edilmiş yüzdən yuxarı qanun layihəsinin hazırlanmasında Namiq müəllim yaxından iştirak etmişdir. O, Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun təsis etdiyi “Dirçəliş-XXI əsr” jurnalının redaksiya heyətinin üzvüdür.

Təqdimat mərasimində çıxış edən “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov qeyd etmişdir ki, Namiq Əliyev 6 beynəlxalq və milli akademiyanın (Moskva, İnsburq, Tbilisi, Nyu-York) həqiqi üzvü, 4 universitetin (Gürcüstan, Moldova Respublikası) isə fəxri doktorudur. İndiyə qədər Azərbaycan Respublikası Milli Məclisində, Ədliyyə Nazirliyində, Bakı Dövlət Universitetində yüksək vəzifələr tutmuşdur. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırım hadisəsinin təhqiq edilməsi üzrə deputat-istintaq komissiyasının üzvüdür. Onun 20 monoqrafiyası, kitabı, 100-dən yuxarı elmi məqaləsi, yüzlərlə publisisitik məqaləsi dərc olunmuşdur. Namiq müəllimin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” adlı monoqrafiysı 7 ölkədə müxtəlif dillərdə işıq üzü görmüşdür. Kişinyovda Moldova dilində nəşr olunan bu kitab 2012-ci ildə Moldovanın Mədəniyyət Nazirliyi və YUNESKO-nun Moldova Milli komissiyası tərəfindən Diplomla təltif olunmuşdur. E.İsmayılov bildirdi ki, N.Əliyevin saysız-hesabsız xidmətləri ilə fəxr edir və onu “Vətən övladı” ordeni ilə mükafatlandırmaqdan fərəh duyuruq.

Mərasimdə çıxış edənlər Namiq Əliyevin elmi, pedaqoji, diplomat kimi fəaliyyətindən bəhs etdilər və bildirdilər ki, hörmətli alimin kitabları, elmi-metodik işləri  həm Azərbaycanda, həm də Avstriya, Belçika, Macarıstan, Polşa, Rumıniya, Fransa  və s. kimi ölkələrdə dərc olunaraq, böyük maraqla qarşılanmışdır.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

                                                               

 

                                                                    İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs,

Leyla Məmmədova

Tel: (012) 510-36-45;

info@human.science.az

                                                                            leylamemmedova247@gmail.com

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ