44 günlük Vətən müharibəsində milli birlik və milli həmrəyliyin zəfəri

Noyabrın 03-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın çoxmillətli və tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, qumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycan” sözü bizi həmişə birləşdirib” fikirlərinə istinad edərək vurğulayıb ki, Azərbaycan özünün tolerantlıq, çoxkonfessiyalılıq siyasəti ilə multikulturalizmin özəl modelini yaratmağa və dünyaya örnək kimi təqdim etməyə müvəffəq olub.
A.Mustafazadə ölkəmizdə yaşayan azsaylı xalqların və millətlərin ötən il 44 günlük Vətən müharibəsində nümayiş etdirdikləri birliyi, həmrəyliyi yüksək qiymətləndirib.
Onun fikrincə, bir il öncə sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatında, tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində azərbaycanlı, ahıska türkü, yəhudi, rus, talış, ləzgi, ingiloy, ukrayn, gürcü, alman, kürd, tat, avar gənclərimizin göstərdiyi vətənpərvərlik və şücaət çoxəsrlik Azərbaycan multikulturalizm ənənələrinin, Ulu öndərdən bizə miras qalan azərbaycançılıq ideologiyasının, birliyin, tolerantlığın təntənəsi idi. “Bu ilin mayında ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının açılış mərasimində cənab Prezidentin vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır” – deyə, Aytən Mustafazadə vurğulayıb.
Alim diqqətə çatdırıb ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Albert Aqarunov, Yuri Kovalyov, Denis Pronin, Oleq Mamontov, İsgəndər Aznaur, Dmitri Solnsev, Emil Qurbanov, İqbal Bayramov, Zaur Ağalı kimi qəhrəman vətən oğullarının xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün çox dəyərlidir.
Azİz-in sədri Lev Spivak, öz növbəsində Nərimanov rayonundakı küçələrdən birinə Albert Aqarunovun adının verilməsini, həmçinin Dağ Yəhudiləri Dini İcmasının və “Dədə Qorqud” Milli Fondunun birgə layihəsi əsasında “Albert Aqarunov” mükafatı təsis olunduğunu xatırladıb.
Tədbirdə vurğulanıb ki, həm I Qarabağ müharibəsində, həm də II Qarabağ savaşı günlərində ölkəmizdə və xaricdə yaşayan yəhudilər həm döyüş meydanında, həm də arxa cəbhədə düşmənlə apardığımız haqq savaşında böyük şücaət nümayiş etdiriblər.
Dəyirmi masada çıxış edənlər Azərbaycan və İsrail dövlətləri, eləcə də xalqlarımız arasında tarix boyu hökm sürən dostluq, mehribanlıq münasibətlərinin önəmindən söz açıblar.
Qeyd olunub ki, İsraildə yaşayan azərbaycanəsilli yəhudilər dünyanın 70-dən çox ölkəsinin siyasi və dini liderlərinə müraciət edərək Azərbaycanın haqq səsini, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri çatdırıblar. Dünyanın müxtəlif yerlərində yaşayan yəhudilər mənfur düşmənlə apardığımız informasiya savaşında da aktivlik nümayiş etdiriblər.
Həmçinin İsraildə yaşayan azərbaycanlılar və azərbaycanəsilli yəhudilər də “dəmir yumruq” ətrafında birlik nümayiş etdirərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fonduna və “YAŞAT” Fonduna mütəmadi iaənələr köçürür, qazilərimizə və şəhid ailələrinə dəstək məqsədi ilə keçirilən müxtəlif xeyriyyə marafonlarında yaxından iştirak edirlər.
Sonra Hüquq və İnsan Haqları İnstitutunun və Professor Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Professor Rövşən Mustafayev” adına medal və sertifikatın təqdimat mərasimi keçirilib. Adıçəkilən medala və sertifikata Azərbaycan və İsrail dövlətləri arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinə verdikləri töhfələrə görə “Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri Lev Spivak və üzvü Vahid Bayramov layiq görülüblər.
Xatırladaq ki, “Professor Rövşən Mustafayev” adına medal və sertifikat erməni saxtakarlığını ifşa etmək istiqamətində tədqiqatların aparılması, obyektiv tarixi və hüquqi qiymətləndirilməsi, gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna xidmətlər göstərən alim və mütəxəssislərə, tədqiqatçılara təqdim olunur.
İlk dəfə bu medal ölkəmizin dünya miqyasında daha geniş təbliğ olunmasında, qədim və zəngin mədəniyyətə malik xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təhsil, səhiyyə və ekologiya sahəsində həyata keçirilən layihələrdə əldə olunan uğurlara, tolerantlıq və mültikulturalizm mühitinin formalaşmasında göstərdiyi müstəsna xidmətlərə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevaya və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə, beynəlxalq aləmdə Xocalı soyqırımının siyasi, mənəvi hüquqi müstəvidə tanınması naminə başladığı «Xocalıya ədalət!» Beynəlxalq Məlumatlandırma və Təbliğat Kompaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin təbliğində müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri, eyni zamanda "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyevaya təqdim olunub.

Rəqəmlərdə

  • 342

    Events
  • 10

    Departments
  • 171

    Publications

TƏDBİRLƏRİMİZ