Sumqayıt hadisələri ermənilərin öz çirkin niyyətlərini həyata keçirmək üçün hər cür təxribata hazır olduqlarını sübut etdi

Sumqayıt hadisələri hər şeydən əvvəl sübut etdi ki, ermənilər özlərinin xəstə təxəyyülünün məhsulu olan utopik ideyaların həyata keçirilməsi istiqamətində bütün ağlasığmaz üsullara əl atmağa, hətta ermənilərin özlərinə qarşı da vandalizm həyata keçirməyə hazırdırlar. Sumqayıt hadisələri ermənilərin həmin hadisələrə qədər azərbaycanlılara qarşı törətmiş olduqları və ondan sonra törədəcəkləri qanlı cinayətlərə bəraət qazandırmağa, kölgə salmağa hesablanmışdı. Bir sözlə, ermənilərin Sumqayıtda törətdikləri təxribat onların Azərbaycan ərazilərində separatizm və işğalçılıq siyasətinin bir elementi idi. Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu bildirib. O qeyd edib ki, ermənilər Sumqayıt hadisələri ərəfəsində, yəni, 1987-ci ilin sonunda Ermənistanda və Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılara qarşı açıq hücumlara başlamışdılar. Həmçinin unutmaq olmaz ki, Sumqayıt hadisələrindən bir neçə gün əvvəl, fevralın 20-də DQMV-nin Xalq Deputatları Sovetində erməni icmasının təmsilçiləri Dağlıq Qarabağın Ermənistan SSR-in ərazisinə birləşdirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetlərinə müraciət ünvanlamaq haqqında qərara da gəlmişdilər. Təbii ki, azərbaycanlılar bu qərara qarşı çıxmış və etirazlarını bildirmişlər. Etiraz aksiyasında iştirak edən dinc soydaşlarımıza qarşı silahlı hücum təşkil edilmiş və iki nəfər qətlə yetirilmişdir. Bütün bunlar bir daha sübut edir ki, ermənilərin Sumqayıt iğtişaşını törətməkdə konkret məqsədləri olub.
Politoloq deyib ki, Sumqayıt hadisələrində əsasən ermənilərin özlərinin qurban seçilməsində məqsəd Ermənistandakı və Dağlıq Qarabağdakı azərbaycanlılara qarşı qanlı hücumları maksimum genişləndirməkdən ibarət idi. Buna da nail oldular. Belə ki, 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilən zaman 216 soydaşımız ağlasığmaz vəhşiliklə qətlə yetirilib. Sumqayıt hadisələrindən sonra ermənilər bütün dünyada anti-Azərbaycan kampaniyasına başladılar. Bir sözlə, məlum hadisələr Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandıracaq bir amil rolunda çıxış etməli idi. Bu hadisələr birbaşa M.Qorbaçovun sifarişi, rəhbərliyi və Ermənistanın da koordinasiyası ilə törədilib. Hər şey əvvəlcədən dəqiqliklə hazırlanmış plan üzrə baş verib. Ermənilərin ünvanları müəyyənləşdirilib və onlara qarşı hücumlar təşkil olunub.
E.Mirbəşiroğlu xüsusilə vurğulayıb ki, həmin iğtişaşlar zamanı ermənilərin əksəriyyətini azərbaycanlılar xilas etmişlər. Azərbaycanlılar erməniləri gizlədərək onları hücumlardan qorumuşlar. Buna baxmayaraq, məqsəd azərbaycanlıları ermənilərə qarşı təxribatda ittiham etməkdən ibarət idi. Bu planın əsas təşəbbüskarı
olan Qorbaçov öncədən hər şeydən xəbərdar idi. Buradan daha bir məqam haqqında düşünmək üçün əsas yaranır. Artıq sirr deyil ki, SSRİ-nin dağıdılması üçün Qərbin əlində əsas alətə çevrilmiş Qorbaçov kifayət qədər “səmərəli” fəaliyyət göstərirdi. SSRİ-nin dağıdılması planını bütün detalları ilə həyata keçirən Qorbaçovun əsas məqsədlərindən biri bu prosesin dönməz xarakter almasına nail olmaqdan ibarət idi.
Politoloq hesab edir ki, keçmiş SSRİ-nin Azərbaycanla yanaşı, digər nöqtələrində də oxşar iğtişaşların törədilməsi SSRİ-nin dağıdılması planının bir hissəsi idi. Deməli, SSRİ-nin dağıdılması planının həyata keçirilməsində ermənilər də “səmərəli” alət kimi geniş istifadə ediliblər. Bu xidmətlərin qarşılığında isə ermənilərin Azərbaycan ərazilərini işğal etmələri təmin olunub. Tarixən dönük olmuş ermənilər indi də müəyyən güclərin aləti olmaqda davam edirlər.

Linkə daxil olaraq müsahibəni oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 161

    Events
  • 10

    Departments
  • 152

    Publications

TƏDBİRLƏRİMİZ