Multikulturalizm

AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, tarixçi-etnoqraf, politoloq, Gürcü yəhudiləri Bakı dini icması İdarə Heyətinin üzvü Moisey Bekker bildirmişdir ki, həmrəylik fərqli dünyagörüşlərinə, etnos və mədəniyyətlərə tolerant münasibəti nəzərdə tutur. Ona görə də müasir dünyada beynəlxalq terrorçuluğa, aclığa, xəstəliklərə, hüquqsuzluğa, bərabərsizliyə və texnoloji geriliyə qarşı intellektual və maddi ehtiyatları birləşdirmək, qarşılıqlı anlaşma daha əhəmiyyətlidir. Onun sözlərinə görə, islama etiqad edən ölkələri parçalayan konfessiyadaxili ziddiyyətləri aradan qaldırmaq vacibdir. Bu, xüsusilə sünnilər və şiələr arasındakı münaqişələrə aiddir.

Azərbaycan suveren dövlət olaraq, özünün daxili və xarici siyasətini milli maraqlara əsaslanmaqla həyata keçirir. M.Bekker Azərbaycanla İsrail arasındakı münasibətlərin genişlənməyə və dərinləşməyə doğru istiqamətləndiyini vurğulamışdır. Azərbaycan ABŞ, Rusiya Federasiyası, Fransa və digər ölkələrdəki yəhudi təşkilatlarının rəhbərləri ilə də sıx əlaqələr saxlayır.

Əsl tolerantlıq azərbaycanlılarda genetik səviyyədə mövcuddur. M.Bekkerin sözlərinə görə, Avropa yalnız Osvensim, Maydanek və Treblinkadan sonra “tolerant” olmuşdur. Orada baş verənlər məcburiyyət qarşısında bu qitəyə axışan miqrantların taleyindən ciddi narahatçılığa əsas verir. Çar Rusiyasının qərb vilayətlərindən yəhudilərin Azərbaycana köçmələri onların mənəvi emansipasiya faktorlarından biri idi. 1905-ci ildə “Ха-Цафира” qəzetinin müxbiri Mordexay Qlikin yazdığı kimi, “rus yəhudilərinin Azərbaycanda vəziyyəti yetərincə yaxşıdır...”. Bu, hələ XX əsrin əvvəllərində belə idi. Millətlərarası həmrəylik və birlik AXC-nin qısamüddətli mövcudluğu dövründə xüsusilə parlaq təzahür etmişdir.

M.Bekker katolik kilsəsisinin Azərbaycanda bir neçə əsr ərzində mövcud olduğunu xatırlamışdır. Ötən əsrin axırlarında ümummilli lider Heydər Əliyevin sayəsində o, yenidən bərpa olmuşdur. Roma Papasının müsəlman ölkəsinə gəlişi Azərbaycanın tolerantlıq prinsiplərinə sadiqliyini sübut edir. Ermənistanda heç bir məscid və ya müsəlman icması yoxdur. Azərbaycanda isə sinaqoqlar, udin-alban kilsəsi, pravoslav və katolik məbədləri, Bakının mərkəzində hətta erməni kilsəsi vardır.

Multikulturalizmin Azərbaycan modelinə toxunan politoloq əsl tolerantlığın genetik səviyyədə olduğunu söyləmişdir. Azərbaycanın unikallığı ondadır ki, burada hər şey təbii yolla getmiş, xalqın fərqli mədəniyyət, ənənə və ya dünyagörüşlərə münasibətdə özünü necə aparmalı olduğunu tənzimləyən qanun, yaxud qaydalar verilməmişdir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın antiimmiqrasiya siyasətinə münasibətini bildirən M.Bekker qeyd etmişdir ki, bu, Birləşmiş Ştatların əsasən Meksika, Boliviya, Kuba, Venesuela və digər cənub qonşularının mənafeyinə toxunur, narkotik qaçaqmalçılığı və başqa neqativ təzahürlərlə əlaqədardır. İmmiqrasiyanın məhdudlaşdırılmasına gəlincə, bu, 50 müsəlman ölkəsindən cəmi yeddisinə təsir göstərib. Müvəqqəti tədbir olan bu, İŞİD, əl-Qaidə və digər ekstremist təşkilatların özəklərinin fəaliyyət göstərdiyi dövlətlərə aiddir.

Rəqəmlərdə

  • 138

    Events
  • 10

    Departments
  • 141

    Publications

TƏDBİRLƏRİMİZ