Pandemiya şəraitində hüquq və azadlıqların məhdudiyyətlərinin hüquqauyğunluğu meyarları

Bəzən Covid-19 pandemiyası ilə mübarizəyə yönələn xüsusi karantin rejimi qaydaları insan və vətəndaş hüquq və azadlıqlarının məhdudiyyətləri kimi nəzərdən keçirilir. Doğrudur, bu qaydalar bizim bir sıra hüquq və azadlıqlarımızı müəyyən dərəcədə və müvəqqəti olaraq məhdudlaşdırır. Lakin nəzərə almaq lazımdır ki, istənilən hüquq və azadlıqdan istifadə imkanı qeyri-məhdud və hüdudsuz olmamaqla, müəyyən hüquqi öhdəlik və məsuliyyət doğurur. Bu yalnız doktrinal yanaşma deyil, həm də harmonik və təhlükəsiz birgəyaşayış üçün zəruri olan normativ bir tələbdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsində göstərildiyi kimi, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
Qeyd etmək lazımdır ki, şəxsiyyətin fərdi hüquq və azadlıqları ilə bütövlükdə şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizlik maraqları arasında balansa əməl olunması zərurəti fərdi hüquq və azadlıqların mümkün hüquqauyğun məhdudlaşdırılması institutunun meydana çıxmasını şərtləndirmişdir. Hazırkı şəraitdə Covid-19 pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətləri də məhz bu institut çərçivəsində nəzərdən keçirmək, bu tədbirlərin həm bizim özümüzün, həm cəmiyyətimizin, həm də dövlətimizin təhlükəsizlik maraqlarına yönəldiyini qəbul etmək və onlara dəqiq və dönmədən əməl etmək lazımdır. Unutmaq lazım deyildir ki, pandemiya şəraitində tətbiq edilən karantin qaydalarının və bu qaydalardan irəli gələn tədbirlərin son məqsədi hüquq və azadlıqların məhdudlaşdırılması deyil, Covid-19 virusunun sürətli şəkildə yayılmaqla ölkə əhalisinin böyük hissəsinin həyat və sağlamlını təhdid etməsinə səbəb olan neqativ fəallığın azaldılmasından və bu istiqamətdə qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
Pandemiya şəraitində karantin qaydalarının, hüquqi məhdudiyyətlərin tətbiqi üçün dəqiq və qanuni əsaslar, hədlər və meyarlar olmalıdır. İstənilən halda, bu qaydalar və onların səbəb olduğu məhdudlaşdırmalar qanunçuluq, zərurilik, məqsədəmüvafiqlik, mütənasiblik tələblərinə tam uyğun olmalıdır. Məhdudiyyətlər insan hüquqları sahəsində hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun gəlməlidir. Daha ciddi məhdudiyyət tədbirlərinə yalnız yumşaq tədbirlər səmərəli olmadıqda yol verilə bilər. Məhdudiyyət tədbirləri tətbiq edilərkən alternativlik tələbinə də əməl edilməlidir: şəxsiyyətin hüquqi statusuna daha az dərəcədə mənfi təsir göstərən məhdudiyyət tədbirləri tətbiq olunmalıdır. Məlum olduğu kimi, pandemiya dövründə sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq onlayn xidmətlərin rolu labüd surətdə artır. Bu xidmətlərin hər kəs üçün alçatanlığının təmin edilməsi üçün məhdudiyyət tədbirlərinin tətbiq edildiyi dövrdə həssas əhali qruplarından olan insanların pulsuz internet paketi ilə təmin olunması üzrə mobil rabitə operatorları ilə əməkdaşlıq çərçivəsində konkret tədbirlər görülə bilər.
Pandemiya ilə mübarizə məqsədilə istifadə olunan bütün rəqəmsal vasitələr, süni intellekt əsaslı texnologiyalar, o cümlədən insanlar üzərində peyvənd sınaqları insan hüquqlarına əməl olunmaqla tətbiq edilməlidir.
Gələcək perspektivdə bu cür forsmajor hallara həm dövlətin, həm də cəmiyyətin daha hazırlıqlı olması baxımından pandemiya dövrünün fəsadlarını və postpandemiya dövründə həmin fəsadların doğurduğu nəticələri əvvəlcədən proqnozlaşdıran və modelləşdirən, habelə qeyd edilən fəsadlı nəticələrin aradan qaldırılması üçün əsaslandırılmış təkliflərlə çıxış edən xüsusi analitik mərkəzin yaradılması əhəmiyyətli olardı.

Zamiq Novruz oğlu Aslanov
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun
Hüquq sahələrinin müqayisəli təhlili şöbəsin müdiri,
hüquq üzrə fəlsəfə doktoru, dosent

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ