Karantin qaydalarına əməl edilməsinin iqtisadi üstünlükləri

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının əhali arasında yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədə karantin qaydarı tədbiq edilməkdədir. Azərbaycanda koronavirus pandemiyasının yarandığı ilk vaxtlarda müxtəlif sektorlar üçün qaydalar hazırlandı. Bu qaydalar iş yerlərindən tutmuş istehsal prosesinə qədər sahələrdə karantin rejiminin tələblərinin tətbiqini əhatə edir. Sözügedən tələblər ilk növbədə işçilərin hüquqlarının müdafiəsi, eləcə də iş yerlərində sosial məsafənin təmin olunması, təmizlik və dezinfeksiya işlərinin aparılması və qoruyucu vasitələrin istifadəsindən ibarətdir.
Məlum olduğu kimi, pandemiyanın neqativ təsir etdiyi sahələrdən biri və öndə duranı məhz iqtisadiyyatdır. Nəzərə almaq lazımdır ki, koronavirus insanların həyatı üçün təhlükəli olduğu qədər şirkətlərin nüfuzu üçün də böyük təhdiddir. Bu baxımdan, ölkəmizdə iqtisadiyyatın və sahibkarların dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sahibkarlardan da adekvat yanaşma - karantin rejiminin qaydalarına məsuliyyətlə əməl olunmasını tələb edir. Karantin qaydalarına ciddi riayət etmək sahibkarlar üçün yeni fürsətlər də yarada bilər. Belə ki, istehlakçılar üçün təhlükəsiz mühit, keyfiyyətli istehsal və gigiyenik qaydalara uyğun xidmət sahibkar üçün üstünlükdür.
Pandemiya ilə mübarizədə bir çox şirkətlərin sosial marketinq strategiyası ön plana çıxır. Sosial məsuliyyətə həssas yanaşma istənilən şirkətin nüfuzu üçün müsbət tendensiyadır. Hazırda bir sıra şirkətlər korporativ sosial məsuliyyət strategiyalarında dəyişiklik edirlər. Böhranın idarə edilməsi, biznesin saxlanılması, işçiləri qorumaq və müştəriləri itirməmək üçün yeni qərarların qəbulu biznes strategiyaları üçün hazırda mühüm amillərdir. Biznesin sosial çağırışlara cavab verməsi əhəmiyyətli addımdır. Xüsusən iri biznes strukturlarının bu baxımdan perspektivləri daha çoxdur. Bundan başqa yaranmış şərait onlayn tətbiqlərə, rəqəmsal texnologiyalara ehtiyacın artmasını şərtləndirir ki, bu da dünya ölkələrində dayanıqlı infrastrukturun mövcudluğunu və qurulmasını zəruri edir. Virusa yoluxma qorxusundan insanlar və şirkətlər oflayn deyil, onlayn alış-verişə üstünlük verirlər ki, bu da e-ticarətin payını daha da artıracaq. Belə ki, milyonlarla insanın artıq ev şəraitində işləməsi fonunda bağlantı xidmətlərinə ehtiyyac getdikcə artır, internetdə ötürülən kontentin həcmi yüksəlir və bu da infrastrukturun inkişafını zəruri edir. Məsələn, İtaliya iqtisadçıları “xəstələnmiş” ölkə iqtisadiyyatını qorumaq üçün məhz rəqəmsal həmrəyliyin vacibliyini irəli sürürlər.
Hazırki qlobal dəyişikliklərin və pandemiyanın yaratdığı yeni şərait fonunda Azərbaycanın da əsas hədəfləri iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyat quruculuğu, texnoloji müstəqilliyinin və infrastruktur təhlükəsizliyinin təmin olunması ilə ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi, ölkənin investisiya cəlbediciliyinin artırılması və informasiya suverenliyinin təmin edilməsidir. Demək ki, artıq rəqəmsal iqtisadiyyatda dəyərin yaradılması, faydanın əldə edilməsinin qiymətləndirilməsi metodologiyalarının yaradılması xüsusi zərurət təşkil edir.
Pandemiya dövründə cəmiyyətin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dəstək verən, Koronavirusla Mübarizəyə Yardım Fonduna ianələr edən, o cümlədən, müxtəlif sosial tədbirlər keçirən şirkətlər həm işçiləri arasında, həm də istehlakçılar, müştərilər, investorlar və əməkdaşlıq etdikləri qurumlar arasında nüfuz qazanırlar. Onu da qeyd etmək lazımdır ki, korporativ sosial məsuliyyət yalnız iri biznes strukturları deyil, eləcə də kiçik və orta biznes üçün mühüm amildir. Bu qəbildən olan sahibkarların maddi dəstək göstərmək imkanı nisbətən məhdud olsa da, onlar karantin rejiminin qaydalarına əməl etməklə sosial məsuliyyət sərgiləyə bilərlər. Göründüyü kimi, koronavirus pandemiyasının qarşısının alınması böyük ölçüdə insanların məsuliyyət hissindən asılıdır. Eyni zamanda pandemiya ilə mübarizə - həm sağlamlığın, həm də iqtisadiyyatın qorunması uğrunda mübarizədir və bu yolda cəmiyyətin hər bir üzvünün fəallığı xüsusi əhəmiyyət kəsb edir.

Səbinə Sadıx qızı Əsədova
Hüquq və İnsan Haqları İnstitutunun
Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin böyük elmi işçisi

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ