Düşmən silahlı münaqişələr dövründə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına məhəl qoymur, dünya birliyi isə susur

Bu gün bütün dünya dövlətlərində, xüsusən də silahlı münaqişə şəraitində olan dövlətlərdə qadın və uşaq hüquqlarının müdafiəsi müxtəlif formalar, mexanizmlər, orqan və təşkilatlar çərçivəsində həyata keçirilməlidir. Tərəflərin hərbi münaqişədə əsas humanitar öhdəliklərinə əməl olunduğu şəraitdə daha ədalətli və humanist dünya düzəninə nail olmaq olar. Humanitar hüquq normalarına bütün hallarda əməl olunmalıdır. Çünki bu, bəşəriyyətin həyatının və ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır.
Müasir qloballaşma şəraitində uşaqların hüquqlarının dolğun şəkildə təmini konkret bir dövlətin imkanları xaricində olmaqla, bütün dünya birliyinin səylərinin birləşdirilməsini tələb edir.
1998-ci ildən etibarən BMT Baş Katibinin uşaqlar və silahlı münaqişələr üzrə ilk xüsusi nümayəndəsi öz işinə başlamış və BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı ilk açıq müzakirələrini keçirmişdir. BMT Təhlükəsizlik Şurası müşahidə və hesabat mexanizminin yaradılması təklifini irəli sürmüşdür. Hazırda bu mexanizm fəaliyyət göstərir və BMT-nin uşaqlar və silahlı münaqişələr məsələsi üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi Məqsədli qrupa məlumatlar verir. Bu məlumatlar BMT Baş Katibinin uşaqlar və silahlı münaqişələr məsələsi üzrə BMT TŞ-nın İşçi qrupuna təqdim etdiyi məruzənin hazırlanması və uşaq hüquqlarını pozan tərəfə qarşı məqsədyönlü tədbirlərin görülməsi üçün əsas kimi çıxış edir. Bu tədbirlər nəticəsində münaqişə tərəfləri uşaq hüquqlarına əməl olunmasının təmin edilməsi məqsədilə konkret hərəkətlər planı hazırlamağa razılıq verirlər.
Qeyd etmək lazımdır ki, uşaqlarla yanaşı qadınlar da müharibədə daha çox əziyyət çəkən, iztirab və məhrumiyyətlərə məruz qalan əhali kateqoriyasına aiddir. Bu baxımdan müasir dövrdə onların beynəlxalq müdafiəsi məsələsi beynəlxalq birliyin diqqət mərkəzində olmaqla xüsusi aktuallıq kəsb edir.
1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir: birincisi, “Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, ikincisi, “Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında”, üçüncüsü, “Hərbi əsirlərlə rəftar haqqında” və dördüncüsü, “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” konvensiyalar. 1977-ci və 2005-ci ildə Konvensiyaya üç əlavə protokol qəbul edilmişdir. I Əlavə Protokol beynəlxalq silahlı münaqişələr zamanı, II Əlavə Protokol qeyri-beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir. III Əlavə Protokol isə Qızıl Kristal embleminin qəbulu ilə bağlıdır.
Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi 1899-cu və 1907-ci illər Haaqa konvensiyaları, “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyası (1949) və ona I və II Əlavə protokollar (1977) və digər beynəlxalq hüquqi sənədlərlə tənzimlənir.
Beynəlxalq hüquq silahlı münaqişələr dövründə mülki əhalinin müdafiəsinin xüsusi üsullarını nəzərdə tutur. Qeyd etmək lazımdır ki, silahlı münaqişələr dövründə həm insan hüquqları sahəsində normalar, həm də beynəlxalq humanitar hüquq sahəsində normalar tətbiq olunur. Silahlı münaqişələr dövründə beynəlxalq humanitar hüquq çox vaxt daha səmərəli olur. Belə ki, beynəlxalq humanitar hüquq normaları konkret olaraq silahlı münaqişə dövründə bilavasitə yaralılara və digər şəkildə hərbi əməliyyatlardan kənarda qalan hərbi qulluqçulara və mülki əhaliyə münasibətdə insan hüquqlarının pozulması hallarının məhdudlaşdırılmasına və qarşısının alınmasına yönəlmişdir. “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyası (1949) və ona Əlavə protokollar (1977) hərbi əsirlərə, orduda iştirak edən yaralı və xəstələrə, dənizdə silahlı qüvvələrin tərkibinə daxil olan yaralılara, xəstələrə və gəmi qəzası nəticəsində zərər çəkən şəxslərə, mülki əhaliyə müdafiə təqdim edir.
Göstərmək lazımdır ki, İkinci dünya müharibəsində və ondan sonrakı dövrdə müharibə nəticəsində mülki əhali arasında itkilər əhəmiyyətli dərəcədə artmışdır. Əgər Birinci dünya müharibəsində 10 milyon insan ölmüşdüsə, İkinci dünya müharibəsində ölənlərin sayı 55 milyon olmuşdur. XXI əsrdə də silahlı münaqişələrin və bu münaqişələrdə ölən dinc və köməksiz insanların sayı getdikcə artır.
Silahlı münaqişələr dövründə mülki əhaliyə qarşı aşağıdakılar qadağandır:
- əsas məqsədi terror olan zorakılıq aktları və təhdidi;
- siyasi təzyiq tədbirləri qaydasında mülki əhaliyə hücum;
- yaşayış məntəqələrinin və ya obyektlərin hərbi əməliyyatlardan müdafiəsi məqsədi ilə mülki şəxslərdən istifadə və s.
Silahlı münaqişələr dövründə sanitar müəssisələr və onların nəqliyyat vasitələri heç bir halda hücuma məruz qala bilməz.
Münaqişə tərəfləri və onların silahlı qüvvələri müharibənin aparılmasının qeyri-məhdud metod və vasitələrindən istifadə edə bilməzlər. Məsələn, Cenevrə Konvensiyasına I Əlavə Protokola (1977) əsasən müharibənin aparılması metodu kimi mülki əhali arasında aclıqdan istifadə etmək, habelə xalqın mədəni və mənəvi irsini təşkil edən tarixi abidələrə, incəsənət əsərlərinə və ayinlərin həyata keçirilməsi yerlərinə münasibətdə düşməncəsinə hər hansı akt törətmək qadağan edilir. Münaqişə tərəfləri həmişə mülki əhali ilə kombatantlar arasında fərq qoymalı və mümkün olduğu qədər mülki əhalini və əmlakı qorumalıdırlar. Nə bütövlükdə mülki əhali, nə də ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz.
İstənilən silahlı münaqişə zamanı qadınlar daha çox əzablara və məhrumiyyətlərə məruz qalan əhali qrupuna aiddir. 1993-cü ilin yayında Vyanada keçirilən beynəlxalq konfransda qadınların insan hüquqları bütövlükdə insan hüquqları kataloqunun ayrılmaz tərkib hissəsi və günün aktual məsələsi kimi ayrıca şəkildə nəzərdən keçirildi. Həmin konfransda qəbul edilən sənədlərdə elan olunurdu ki, silahlı münaqişələr şəraitində qadın hüquqlarının pozulması beynəlxalq hüququn insan hüquqları və humanitar hüquq sahəsində əsas prinsiplərinin pozulması deməkdir.
Silahlı münaqişələr dövründə mürəkkəb problemlərdən biri kimi həmişə mülki əhalinin, xüsusən də uşaqların müdafiəsinin təmin olunması çıxış edir. Əvvəlki dövrlərdə silahlı münaqişə zamanı uşaqların rastlaşdığı problemlər çox da nəzərə çarpmırdı və buna görə də həmin problemlər az müzakirə olunurdu. Lakin müasir dövrdə bu sahədə problemlər xeyli dərəcədə artdığından dünya birliyi silahlı münaqişələr şəraitində uşaqların vəziyyətinin yaxşılaşdırılması sahəsində tədbirlər üzərində daha çox düşünməyə başlamışdır.
Məlum olduğu kimi mülki əhalinin bir kateqoriyası kimi uşaqların beynəlxalq müdafiəsində beynəlxalq humanitar hüquq normalarının rolu əvəzsizdir. Beynəlxalq humanitar hüquqda uşaqların hüquqi müdafiəsi məsələsi əsasən İkinci dünya müharibəsindən sonra qaldırılmışdır. Buna qədər uşaqlar xüsusi müdafiə tələb edən ayrıca kateqoriya kimi fərqləndirilmirdi. Uşaqların müdafiəsi humanizm prinsipinə əsasən bütün mülki əhalinin müdafiəsi çərçivəsində həyata keçirilirdi. Bu prinsip 1899-cu və 1907-ci il Haaqa konvensiyalarında təsbit olunmuşdu. Beynəlxalq humanitar hüquq üzrə ilk konvensiyalar olan bu sənədlər həmin prinsipin müstəqil hüquqi təyinatını müəyyən etmişdir. Lakin iki dünya müharibəsi arasındakı dövrdə, xüsusən də İkinci dünya müharibəsi zamanı hədsiz dərəcədə çoxsaylı mülki əhalinin məhv olması bu təminatların yetərli olmadığını göstərdi. Müharibə dövründə mülki əhalinin müdafiəsinə dair ayrıca beynəlxalq sənədin qəbul edilməsi artıq zərurətə çevrildi. 1949-cu ildə Cenevredə diplomatik konfransda müharibə qurbanlarının müdafiəsi haqqında dörd Cenevrə konvensiyası qəbul olundu. Müharibə zamanı mülki əhalinin müdafiəsinə dair IV Cenevrə konvensiyası beynəlxalq silahlı münaqişələr dövründə uşaqlara hüquqi müdafiə təqdim edir. 1949-cu il diplomatik konfransında ilk dəfə olaraq beynəlxalq xarakter daşımayan silahlı münaqişərlə də bağlı beynəlxalq humanitar hüquq normaları qəbul olundu. Həmin normalar bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən şəxslər kimi uşaqlara da şamil olunur.
BMT tərəfindən uşaqların müdafiəsi ilə bağlı qəbul edilən sənədlərdə aşağıdakı məqamlar xüsusi vurğulanır:
- hər bir uşağın işıqlı gələcəyinin təmin olunması;
- işğal şəraitində yaşayan uşaqların beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq müdafiə edilməsi;
- uşaqların beynəlxalq-hüquqi müdafiəsinin gücləndirilməsi;
- silahlı münaqişə dövründə uşaqların müdafiəsi üzrə səmərəli tədbirlərin görülməsi;
- dünya gündəmində və bağlanan sülh sazişlərində uşaqların hüquqları və müdafiəsi ilə bağlı məsələlərin əks olunmasının təmin edilməsi;
- uşaqlara qarşı cinayət hallarının araşdırılması və müvafiq prosedurların qəbul olunması;
- sülhün qorunması üzrə əməliyyatlarda iştirak edən bütün mülki və hərbi personalın uşaq hüquqları və onların müdafiəsi məsələləri ilə bağlı maarifləndirilməsi;
- uşaqların əsir götürülməsinin qarşısının alınması üzrə bütün zəruri tədbirlərin görülməsi və s.
2000-ci ilin sentyabr ayında keçirilən və dünya liderlərinin tarixdə ən geniş toplantısı olan Minilliyin Sammitində BMT tərəfindən Minilliyin Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə yeni dünya qaydasının əsas məqsədləri kimi sülh, təhlükəsizlik, inkişaf, yoxsulluğun ləğvi, ətraf mühitin mühafizəsi və s. ilə yanaşı xüsusi dəstəyə ehtiyacı olanların müdafiəsi məqsədi də xüsusi olaraq fərqləndirilir. Orada silahlı münaqişələr və digər humanitar fəlakətlər nəticəsində ciddi məhrumiyyətlərə məruz qalan uşaqların və bütün mülki əhalinin müdafiəsi üzrə xüsusi tədbirlər öz əksini tapmışdır. Həmin Bəyannamədə normal həyatın bərpası üçün yardım və müdafiə təqdim edilməsi nəzərdə tutulur. Bu, yeni dünya qaydasının sosial xarakterinin təzahürlərində biri bu hesab olunur.
Silahlı münaqişə şəraitində insan hüquqları:
- silahlı münaqişə dövründə insan hüquqlarının müdafiəsi qlobal xarakterli problemlərdən biri kimi çıxış edir;
- silahlı münaqişə şəraitində insan hüquqlarının pozulması insan hüquqları sahəsində əsas beynəlxalq prinsiplərin də pozulması deməkdir;
- müasir dövrdə demokratiya, hüquqi dövlət və insan hüquqları ideyalarının inkişafına, silahlı münaqişələr dövründə insan hüquqlarının müdafiəsi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunmasına, müharibə qanunları və adətləri ilə bağlı bir sıra mühüm beynəlxalq sənədlərin qəbul edilməsinə baxmayaraq dövlətlərarası və beynəlxalq xarakterli müxtəlif silahlı münaqişələr və onların acı nəticələri hələ də bəşəriyyəti narahat edən ciddi problemlərdən biri olaraq qalır;
- beynəlxalq hüquq normaları çox zaman dövlətlər arasında sülh münasibətlərinin təminatçısı kimi çıxış edə bilmir;
- hazırda beynəlxalq münasibətlərdə humanizm ideyalarının güclənməsi silahlı münaqişələr dövründə də insan hüquqlarının müdafiəsi institutlarının və mexanizmlərinin təkmilləşdirilməsini zəruri edir;
- dövlətdaxili və beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəsi mexanizmlərinin reallaşdırılması, bu sahədə mövcud mexaniizmlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, habelə yeni səmərəli mexanizmlərin tətbiqi, beynəlxalq humanitar hüquq normalarının pozulmasına görə məsuliyyət tədbirlərinin daha da gücləndirilməsi silahlı münaqişə dövründə insan hüquqlarının müdafiəsi probleminin həllində müsbət rol oynaya bilər.
Beləliklə, bütün qeyd olunanlardan göründüyü kimi, beynəlxalq hüquq normaları ilə silahlı münaqişələr dövründə mülki əhalinin müdafiəsi zərurəti geniş şəkildə təsbit edilərək əsaslandırılır. Lakin təəssüflər olsun ki, real gerçəklikdə çox zaman bu normalara əməl olunmur. Bunu mənfur və təcavüzkar Ermənistanın bilavasitə mülki əhalini hədəf alaraq Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncəyə raket zərbəsi endirməsi nəticəsində mülki əhali (o cümlədən beynəlxalq humanitar hüquq normalarının xüsusi müdafiə obyekti və həssas təbəqələr kimi qadın və uşaqlar) arasında çoxsaylı tələfatlara dünya birliyinin olduqca laqeyd və ikili standartlara əsaslanan yanaşması da sübut edir. Son günlərin təcrübəsi göstərir ki, ənənəvi olaraq “demokratiya və insan haqlarının aliliyi”ndən bəhs edən beynəlxalq təşkilatların və dövlətlərin Gəncə terroru, Ermənistanın insanlıq əleyhinə cinayəti kontekstində beynəlxalq humanitar hüquq normalarına etinasızlıq göstərməsi artıq adi hala çevrilmişdir. Dünya birliyinin Xocalı soyqırımına lazımi qiymət verməməsi mənfur düşməni Gəncədə bu cür dəhşətli müharibə cinayəti törətməyə cürətləndirmişdir. Xocalıda və Gəncədə ermənilərin mülki və günahsız azərbaycanlılara, köməksiz qocalara, qadınlara və uşaqlara qarşı törətdikləri amansız vəhşilik, soyqırım heç bir humanitar hüquq normalarına sığmır. Təəssüflər olsun ki, bəzi dövlətlər fiksiya və uydurmaya əsaslanan, heç bir tarixi məmbə ilə sübut olunmayan “qondarma” erməni soyqırımını parlament səviyyəsində tanıdığı halda, dünya birliyi yaxın keçmişdə (Gəncədəki müharibə cinayətinə münasibətdə yaxın günlərdə) və gözü qarşısında baş vermiş bu aşkar fakta lazımi tqiymət vermək istəmir. Dünya birliyi heç bir ölkənin sığortalanmadığı gələcək humanitar böhranların qarşısını almaq istəyirsə, beynəlxalq humanitar hüquq normalarının heç bir ayrı-seçkilik qoyulmadan birmənalı şəkildə həyata keçirilməsini təmin edən real və işlək mexanizmlər hazırlanmalı və heç bir istisnaya yol verilmədən lazım olan hər bir halda tətbiq olunmalıdır.

Aslanov Zamiq Novruz oğlu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun
Hüquq sahələrinin müqayisəli təhlili şöbəsinin
müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent

Rəqəmlərdə

  • 266

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ