İnstitutumuzun böyük elmi işçisi Səbinə Sadıx qızı Əsədovanın “Qeyri-maddi aktivlər rəqəmsal iqtisadiyyat şəraitində yeni sərmayə imkanları kimi” başlıqlı məqaləsi dərc olunub

AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Mülki hüquq, mülki proses və sosial hüquqular” şöbəsinin böyük elmi işçisi Səbinə Sadıx qızı Əsədovanın  “İqtisadi Artım və İctimai Rifah” jurnalında  “Qeyri-maddi aktivlər rəqəmsal iqtisadiyyat şəraitində yeni sərmayə imkanları kimi” adlı məqaləsi dərc olunub.
Məqalədə müəssisənin qeyri-maddi aktivlərinin təsnifatı məsələləri, rəqəmsallaşma şəraitində yeni sərmayə imkanları kimi əhəmiyyəti, idarə olunmasına yönələn yanaşmalar tədqiq edilmişdir. Qeyri-maddi aktivlər anlayışı həm iqtisadi, həm də mühasibat və hüquq nöqteyi-nəzərindən təyin olunur. Tədqiqatın işinin məqsədi - qeyri-maddi aktivlər anlayışı altında elə aktivləri müəyyən etməkdir ki, onlar maddi-əşya formasına malik olmasalar da, sahiblərini bəzi hüquq və  üstünlüklərlə təmin edir, onlar üçün gəlir yaradır və özlərini iqtisadi xüsusiyyətlər vasitəsilə  büruzə verirlər. Bundan başqa, qeyri-maddi aktivlərin iqtisadi mahiyyətini, özünəməxsus məzmunu və daxili quruluşunu istehsalın innovativ inkişafına təsir dərəcəsi baxımından müəyyən  etmək, onların yeni sərmayə imkanları kimi qəbul olunmasını əsaslandırmaqdan ibarətdir.
Məqalədə diqqət çəkən məqamlardan biri məhz  qeyri-maddi aktivlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsində təsbit olunması ilə bağlı təhlildir. Belə ki, müəllifin vurğuladı kimi,  Azərbaycanın Vergi qanunvericiliyində də QMA anlayışı təsbit olunmuşdur. Belə ki,  Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən, ―qeyri-maddi aktivlər - intellektual, o cümlədən  ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən  edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji  hüquqlardır. Eləcə də, VM-in 13.2.23-cü maddəsinə əsasən, royalti - ədəbiyyat, incəsənət,  yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər  üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud  prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya  və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində  alınan ödənişlərdir. Yuxardakı maddələrə əsasən, vergi ödəyicilərində qeyri-maddi aktivlərin  necə formalaşmasına dair müvafiq sual da yarana bilər. Lakin bu maddələri üzləşdirəndə belə  nəticəyə gəlinir ki, qeyri-maddi aktivləri vergi ödəyicisi özü istehsal edə, yarada, həmçinin  kənardan əldə edə bilər. Beləliklə, məqalədə aparılan tədqiqata əsasən, qeyri-maddi aktivlərə yatırımlar əsas kapitala qoyulan  investisiyaların ən perspektivli sahələrindən biridir. Bu yatırımların məzmun tərəfi ondan ibarətdir ki, burada hər bir ölkənin nail olmaq arzusunda olduğu birbaşa innovasiya səviyyəsi mövcuddur. Bu cür investisiyaların keyfiyyəti və səmərəliliyinin artırılmasına nail olmaq üçün  ən qabaqcıl təcrübə əldə edilərək bütün infrastruktur qurumlarına tətbiq edilməlidir.

Rəqəmlərdə

  • 383

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ