Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan dövlətinin maraqları kontekstin

Respublikamızın Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmasına ümummilli lider Heydər Əliyev razılıq vermişdir. Məhz onun razılığından sonra bu istiqamətdə bir sıra mühüm işlər görülməyə başlandı. O vaxtdan başlayaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin rəhbərliyinin İran İslam Respublikası və Rusiya Federasiyasının Nəqliyyat Nazirlikləri və aidiyyati qurumların rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə bu məsələlər ətraflı müzakirə edilmişdir.
Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt–Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və vasitələrinə aiddir.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa–Cənubi Asiya–Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.
Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması üzrə gərgin işlər gedir. Buna görə də yüklər aşrım ilə daşınır. Yəni, yüklər gəmi ilə Hindistanın Mumbay limanından İranın Bəndər–Abbas limanına gətirildikdən sonra qatara yüklənir və İranın mövcud dəmir yolu ilə Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülür və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Avropa ölkələrinə çatdırılır. Yaxın gələcəkdə Rəşt–Astara dəmir yolun inşasından sonra birbaşa dəmir yolu daşımaları nəticəsində gözəçarpan qədər artım gözləmək olar. Şimal–Cənub Nəqliyyat Dəhlizi tam istifadəyə verildikdən sonra daha çox mənfəət əldə ediləcək.
Araşdırmalar göstərir ki Şimal–Cənub nəqliyyat dəhlizi Avropa bazarı üçün çox mühüm əhəmiyyət kəsb edəcəkdir və gələcəkdə köhnə qitə ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin daha da irəli getməsi üçün zəmin yaradacaqdır.
Şimal–Cənub nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometirdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı 2500 dollar qənaət ediləcəkdir. Praktiki olaraq həm məsafənin qısalması, eyni zamanda xərcin azaldılması Şimal–Cənub nəqliyyat dəhlizinə marağın artmasına gətirib çıxardı və nəticə etibariylə layihəyə qoşulan ölkələrin sayının artmasına səbəb oldu. Layihədə yalnız Rusiya, İran və Azərbaycan iştirak etmir, eyni zamanda Orta Asiya ölkələri və Avropa Birliyinə daxil olan ölkələr də Şimal–Cənub nəqliyyat dəhlizinin reallaşmasında və həyata keçməsində iştirak edir.
Beynəlxalq yükdaşımalarda əsas məqsəd ondan ibarətdir ki, zamanın azaldılmasına nail olunsun. İxrac və idxal edən ölkələr daha qısa zamanda yüklərin daşınmasında maraqlıdırlar. Ənənəvi xətlərlə müqayisədə Şimal–Cənub nəqliyyat dəhlizi daha qısa müddətdə yüklərin daşınması deməkdir. Qeyd etmək lazımdır ki, bu layihədə iştirak edən dövlətlər arasında sənədləşmələr asanlaşır, eyni zamanda elektron formaya keçir və bu da yüklərin daha qısa zamanda daşınmasını təmin edir.
Azərbaycan da daxil olmaqla nəqliyyat dəhlizində iştirak edən ölkələr beynəlxalq yükdaşıma ilə bağlı beynəlxalq anlaşmaya qoşulublar. Layihə gömrük sənədləşdirməsi baxımından da vacibdir və hətta gömrük baxışına ehtiyac olursa belə yük boşalacaq son ölkədə gömrük nəzarətindən keçir. Bu da beynəlxalq yük daşıma şirkətləri üçün sərfəli olur.
Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır.Bu sahədə ölkəmizdə aparılan islahatlardan sonra, illik olaraq qeyri-neft sektoru üzrə yükdaşımalarda 65% artım olub. Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsiylə ölkəmizə daxil olan yüklərin təxminən 85% tranzit olaraq digər ölkələrə aparılır. Nəticə etibariylə ölkəmizdən nə qədər çox yük daşınırsa bu da ölkəmizin gəlirlərini artırır. Digər tərəfdən bu layihə ölkəmizin ixrac imkanlarını da artırır və xüsusən də qeyri-neft sektorunda ixrac imkanlarımızı genişləndirir.
Müşahidələr göstərir ki, Azərbaycanda bu sahədə islahatların aparılması, eyni zamanda infrastrukturun təkmiləşdirilməsi ilə əlaqədar olaraq, ölkəmizin ixrac etdiyi qeyri-neft məhsullarının həcmi iki dəfə artıb. Heş şübhəsiz ki, qeyri-neft sektorunun inkişafı ölkədə aparılan islahatların nəticəsidir. Lakin bu islahatların infrastruktur və loqistikayla dəstəklənməsinə ehtiyac vardır. Məhz Şimal–Cənub nəqliyyat dəhlizi və digər layihələr bu tələblərin ödənilməsi baxımından çox vacib idi.
Digər çox mühüm məqam budur ki, Rusiya və Türkiyə ölkəmizin ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələrdir. Lakin Azərbaycan bu layihələr nəticəsində yeni bazarlara çxış imkanları əldə etdi. Belə bir nəticəyə gəlmək olar ki, Şimal–Cənub nəqliyyat dəhlizi ölkəmiz üçün geosiyasi və geoiqtisadi baxımdan çox vacibdir. Azərbaycanın strateji əhəmiyyətinin artmasında bu layihənin xususi əhəmiyyəti var.
Məlum olduğu kimi Avropa Birliyi Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır. Bu baxımdan hesab etmək olar ki, gələcəkdə Avropa Birliyi ilə Azərbaycan arasında yeni münasibətlər sisteminin elementlərini də görəcəyik. Bunlarla yanaşı qeyd etmək lazımdır ki, Rusiya İran və Azərbaycan münasibətlərində də Şimal–Cənub nəqliyyat dəhlizinin çox mühüm rolu olacaqdır. Yaxın gələcəkdə bu layihədə yer alacaq dövlətlərlə yuxarıda adlarını qeyd etdiyimiz dövlətlər arasında münasibətlərin inkişafı baxımından yeni reallıqlqar yaranacaqdır.
Azərbaycanın təşəbbüsü ilə formalaşdırılan enerji və nəqliyyat layihələri regional əməkdaşlığa çox böyük töhvə verəcəkdir. Bakı–Tiblisi–Ceyhan, Bakı–Tiblisi–Ərzurum, Cənub qaz dəhlizləri kimi enerji, Bakı–Tiblisi–Qars kimi qlobal əhəmiyyətli nəqliyyat layihələri ölkəmizin dünyadakı nüfuzunu yüksəldir və beynəlxalq arenada çəkisini artırır. Azərbaycan hökümətinin yürütdüyü düzgün balanslı xarici siyasət nəticəsində enerji və nəqliyyat layihələrinin reallaşması ölkəmizin növbəti illərdə də qarşıya qoyulan hədəflərə də nail olacağını söyləməyə əsas verir.
Bu fikirlər, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq Münasibətlər və İnsan Hüquqları” şöbəsinin aparıcı elmi işçisi Şikar İbrahimovun Respublika qəzetinin 25 oktyabr 2019-cu il tarixli sayında dərc edilmiş “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan dövlətinin maraqları kontekstində” başlıqlı məqaləsində öz əksini tapıb.

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ