“1918-ci ilin mart soyqırımı və yəhudilər”

Ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında yaşayan müxtəlif xalqlara qarşı soyqırım siyasətini tətbiq etmişlər.Bu siyasətin qurbanları sırasında qədim dövrlərdə ölkəmizdə məskunlaşmış yəhudi nümayəndələri də olmuşdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində mütamadi olaraq təşkil etdiyi konfrans bu il “1918-ci ilin mart soyqırımı və yəhudilər” mövzusuna həsr olunmuşdur.


29 mart tarixində keçirilmiş “1918-ci ilin mart soyqırımı və yəhudilər” II elmi konfransda AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Gürcü Yəhudi icmasının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekker “Erməni terrorizmi və antisemintizm tarixi konteksdə” mövzusunda çıxış etmişdir.
Çıxışı olduğu kimi təqdim edirik.
Erməni “intellektualları”nın tarixdən bixəbərlikləri onları tarixi açıq-aşkar saxtalaşdırmağa sövq edir. Belə ki, yəhudilərin və ermənilərin minillik qarşıdurmalarını erməni siyasətçilərindən Asatryan və Ara Mirzoyan aşağıdakı kimi səciyyələndirirlər. Onlardan birincisi iddia edir ki, “Amalek (ermənilər) – İsrailin antoqonisti, unikal, tayı-bərabəri olmayan, bütpərəst xalqların içində birinci xalqdır. Bu fərziyyənin əsasını bir sıra qədim və Orta əsrlərə aid mənbələrdə adı Ermənistan kimi çəkilən “Amalek ölkəsi” təşkil edir. Elə həmin mənbələrə görə, ermənilər “amaleklilər” və “şasu-yahve” adlanırlar. Guya onlar Erməni yaylasından çıxan ilk ari xalqıdır.
Ara Mirzoyan da Asatryanı təkrarlayaraq, aşağıdakıları iddia edir: “Yəhudi və ermənilərlə bağlı söz-söhbət həmişə olub. Kimlərsə bunda çoxlu ümumiliklər, kimlərsə tamamilə əksliklər tapıb. Daim birinin digəri üzərində üstünlüyündən danışıblar. Lakin hər iki tərəf həmişə bir inamda qalıb ki, yəhudilər erməniləri sevmirlər”.
Ondan başlayaq ki, amaleklərin ermənilərlə heç bir ümumiliyi yoxdur və onlar semit tayfalarına aiddir. Müqəddəs kitab Tanax bu xalqın mənşəyini belə təsvir edir: “Esavın (Yakova nifrət edən qardaşı) oğlu Elifaz və onun kənizi Timnanın Amalek adlı oğulları dünyaya gəldi. Amalek Esavın evində boya-başa çatdı və onun qardaşına və bütün nəsillərinə olan patoloji nifrəti ona da keçdi. Amalek İsrail Torpağının cənubunda – hazırda Negev səhrası kimi tanınan yerdə məskunlaşan bir xalqın əsasını qoydu”. Bununla belə, özlərini Bibliya tayfası Amaleklə eyniləşdirən ermənilər öz tarixlərinə min il əlavə etməkdən çəkinməmişlər. Beləliklə, ermənilərin yəhudilərlə olan ədavəti, elə onların öz sözlərinə görə, əsrlərin dərinliyinə gedib çıxır. Bu iki xalqın xüsusilə kəskin qarşıdurması Osmanlı İmperiyasının mövcudluğu illərində baş vermişdir. Əlbəttə ki, yunanlara və ermənilərə nisbətən yəhudilərin vəziyyəti daha yaxşı idi və bu, türklərin və xristianların çoxəsrlik qarşudurması ilə şərtlənirdi. Xristianlarla ticarətdə və sənətkarlıqda fəal rəqabət aparan yəhudilərə hakimiyyət tərəfindən verilən üstünlük ermənilərin narazılığına səbəb olur, onların arasında antiyəhudi əhval-ruhiyyəsinin artmasına şərait yaradırdı. Məsələn, “1545-ci ildə Amasya şəhərində erməni oğlanın yoxa çıxması belə bir şayiəyə gətirib çıxardı ki, o, guya dini mərasimlər məqsədilə yəhudilər tərəfindən qətlə yetirilmişdir. Ermənilərin təzyiqi altında yerli hakimiyyət yəhudi icmasının bir neçə üzvünü həbs edərək, işgəncələrlə onların törədilməmiş cinayəti “boyunlarına almasına” məcbur etdi. Sonra isə onlardan çoxunu edam etdilər. Qırğınlardan əndişələnən digər yəhudilər Amasyanı və Tokat şəhərini tərk etdilər. Düzdür, bu hadisədən bi müddət sonra itmiş oğlan tapıldı, lakin bununla belə, iş artıq görülmüşdü və daha bir nifrət toxumu erməni torpağına səpilmişdi.
Bununla əlaqədar olaraq başqa bir əhvalatı da – bankir və Osmanlı məmuru Yehezkelem Qabbayla olan hadisəni xatırlamaq olar. Bu məmur məşhur xəzinə oğrusu və erməni maliyyəçilərinin rəhbərlərindən biri – zərbxananın rəisi Kasas-Aretunla mübarizə aparmağa cəhd göstərirdi. Onun xidmətlərinə baxmayaraq (Qabbay Süleyman paşanı sultan Mahmuda təslim olmağa məcbur etməyə kömək etmişdi), sultan Qabbayı Kiçik Asiyaya qovdu, orada isə 1826-cı ildə Kasas-Aretunun göndərdiyi muzdlu qatillər onu qətlə yetirdilər.
Onu da əlavə etmək lazımdır ki, Bizans imperiyasında nə vaxtsa ermənilərin hakimiyyətdə olduqları dövrdə yəhudilər xüsusi qəddarlıqla təqib olunurdular. Məsələn, imperator İrakli (610-642) şəxsi evlərdən kənarda yəhudi ayinlərinin icrasını qadağan etmişdi. Hakimiyyəti illərində 1000-ə yaxın yəhudi icmasını məhv edən Vasili I Makedoniyalı (866-886) və Lev III İsavr isə ölüm təhdidi və ya sürgün etmək qorxusu altında yəhudiləri xristianlığı qəbul etməyə məcbur edirdilər. Ərəb coğrafiyaçısı və tarixçisi Məsudi xəbər verir ki, Roman I Lakapinin dövründə (919-944) yəhudilər Bizansdan Xəzər dövlətinə qaçırdılar. Çünki “hazırda hökmranlıq edən və Armanus (Roman) adını daşıyan imperator öz ölkəsindəki yəhudiləri zorən xristianlığa etiqad etməyə məcbur edirdi və onları sevmirdi”. Lazım gəlsə, İranda və Rusiya imperiyasında erməni icmasının təsiri altında baş verən antisemitizm faktlarını “izah etmək” olar. Belə ki, çar Rusiyasında ilk böyük miqyaslı yəhudi qırğınları Rusiya imperiyasının kansleri erməni Loris-Melikovun diktaturası zamanı (1881) həyata keçirilmişdi. Təbrizdə isə ermənilərin ağ yalandan başqa bir şey olmayan iftiralarına əsasən, 4 mindən artıq yəhudi qətlə yetirilmişdi”.
Hazırda hələ də Rusiyada terror təşkilatı kimi tanınmayan Livanın “Hizbullah” dəstələri ermənilərin “Daşnaksütyun” partiyası ilə sıx əməkdaşlıq edirlər. Bu, başadüşüləndir, çünki Rusiya Federasiyasının xarici siyasətinə əhəmiyyətli təsir məhz XİN başçısı ərəbpərəst istiqamətli Lavrov və uzun müddət Sov.İKP MK aparatında işləmiş politoloq Andranik Miqranyan tərəfindən göstərilir.
Ermənilərin digər xalqlara nifrət bəsləməsində və terrorun təbliğində daha məşum rolu 1890-cı ildə yaradılmış Daşnaksütyun Partiyası oynamışdır. Partiyanın Proqramının 8-ci və 11-ci bəndlərində deyilir: “Hakimiyyət nümayəndələrini terrora məruz qoymaq, hökumət müəssisələrini viran etmək və dağıtmaq”. Bundan başqa, məhz bu hərəkatın ideoloqlarında hakimiyyətə təzyiq vasitəsi kimi girovların götürülməsi ideyası yaranmışdır. Bu nou-hau ilk dəfə 1896-cı ilin avqustunda sınaqdan keçirilmişdir. Belə ki, bir qrup silahlı İstanbulda Beynəlxalq Osmanlı Bankını ələ keçirmişdi. 150 bank qulluqçusunu girov götürən quldurlar xarici dövlətlərin Türkiyəni Ermənistan adlı yerdə islahatlar aparmağa məcbur etməyəcəkləri təqdirdə bankı insanlarla birgə partlatmaqla təhdid edirdilər.
“Qnçak” adlı digər partiyanın proqramında Rusiya, Türkiyə və İran ərazilərində yaşayan bütün ermənilərin birləşməsinin zəruriliyi və onların əsasında “Böyük Ermənistan”ın yaradılması başlıca hədəf olaraq bəyan edilirdi. Bundan başqa, ermənilər hələ indiyə qədər də 1915-ci il hadisələrində yəhudiləri ittiham edirlər, hərçənd, bu məsələdə ermənilərin I Dünya müharibəsindəki “müttəfiqləri” – onlardan həyasızcasına istifadə edən və sonradan lüzumsuzluqlarına görə atan məhz Rusiya və Britaniya imperiyası ilə birlikdə ermənilərin özlərini günahlandırmaq düzgün olardı.
Yəhudiləri onda günahlandırırlar ki, Sovet Rusiyası Atatürk Türkiyəsinin suverenliyinin qorunub saxlanmasında bu ölkəyə yardım etmişdir. Lakin məlum olduğu kimi, Türkiyə ilə sovet hökuməti arasında olan əlaqə “cuhud-mason əlbirliyi”nə görə deyil, onların hər ikisinin ümumi düşməninin Antanta olması faktına əsaslanmışdır. “1937-ci ilə qədər” guya SSRİ-də “yəhudi təzyiqi”nə gəlincə isə, 1937-1939-cu illərin məhz “böyük təmizləmə”si bu tezisi təkzib edir. Gerçəkdən də, inqilabçılar arasında yəhudilər az deyildi, bu isə tamamilə vəhşi milli zülm və qırğınlarla izah olunur. Qeyd etmək lazımdır ki, bolşeviklərin içərisində müxtəlif millətlərin təmsilçiləri, o cümlədən ermənilər də var idi. Avanesov, Qay, Karaxan, Şaumyan, Proşyan, Mikoyan, Myasnikyan və başqalarının adlarını çəkmək yetərlidir. Bolşeviklər heç bir yəhudi siyasəti aparmırdılar, əksinə - onlar yəhudi məktəblərini (xederlər), sinaqoqları bağlayır, yəhudi mülkiyyətini milliləşdirir, sionizmlə mübarizə edirdilər və s.”.
Ermənilərə qarşı yəhudi sui-qəsdini sübut edən heç bir dəlil mövcud deyil, çünki belə bir şey axı olmayıb və yoxdur da. Tam aydınlıq yaranması naminə onu da əlavə edək ki, mətbuatda və internetdə erməni dilində yəhudilərə qarşı ağ yalan səciyyəli iftiraların təbliğ edilməsi açıq-aşkar neonasist xarakter daşıyır. Tarixin erməni saxtalaşdırılması yəhudi xalqına qarşı iftiraları da əhatə edir. Bu isə təəccüblü deyildir. Bu gün Xocalı soyqırımından qürur hissi ilə danışan qüvvələrin varisləri Ermənistana rəhbərlik edirlər. Məgər bundan sonra onların ağ yalanlarından heyrətlənmək mümkündürmü?
Diqqətə çatdıraq ki, Ermənistan həmişə təkmillətli dövlət olmağa can atıb və buna müyəssər olub. Belə ki, “1969-cu ilin siyahıyaalmasına görə, burada ruslar 66108, azərbaycanlılar – 148189, yəhudilər isə 1000 nəfər olmuşdur. 1979-cu ildə rusların sayı 70336 nəfərə, azərbaycanlıların sayı 160841 nəfərədək artmışdır, yəhudilər isə azalaraq 953 nəfər təşkil etmişlər. Qorbaçov yenidənqurmasının sonlarında erməni millətçiliyinin təsiri altında 1989-cu ildə rusların sayı 51556, azərbaycanlılar 84860, yəhudilər isə 676 nəfərə qədər azalmışdır”.
Ermənistan istiqlaliyyət əldə etdikdən sonra burada minilliklər ərzində yaşayan azərbaycanlı əhali qətiyyən qalmamış, ruslar sayca 2145 və yəhudilər isə təxminən 60 nəfər təşkil etməklə, minimuma enmişdir. Başqa millətləri təmsil edən əhalidən “yaxa qurtaran” Ermənistan müharibədənsonrakı Almaniya kimi depopulyasiya zolağına qədəm qoydu. İqor Muradyanın “Голос Армении” qəzetində yazdığı kimi, yəhudi-erməni qarşıdurması – bu, semitlərlə arilər arasındakı münaqişədir. Yəhudiləri guya ermənilərin “soyqırımında” ittiham
etməkdən yorulmayan o, sübut etməyə çalışır ki, məhz bu xalq və İsrail Dövləti Dağlıq Qarabağ münaqişəsinin arxasında dayanmışdır.
Ermənilərin həmişə yəhudiləri öz rəqibləri və ideya düşmənləri hesab etdiklərini aşağıdakı faktlar da təsdiqləyir. Belə ki, 1919-cu ildə Azərbaycanın Dağlıq Qarabağ və digər regionlarında erməni quldur birləşmələrinin pozğunluqları ilə əlaqədar olaraq Yəhudi Milli Komitəsi tərəfindən Bakı qubernatorluğu qarşısında “qaçqınların – Quba yəhudilərinin pulsuz daşınması məqsədilə vaqonların alınması barədə vəsadət qaldırılmışdı. Qubernator bu vəsadətə şəfqətlə yanaşmış və onun gördüyü tədbirlər sayəsində qaçqınları Xaçmaza qədər yola salmaq üçün 27 vaqon verilmişdi. Bütövlükdə isə təxminən 1100 qaçqın yola salınmışdı”.
2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru professor Rövşən Mustafayevin fəaliyyəti sayəsində həmin illərdə baş verən hadisələrin mənzərəsi bərpa edilmiş və Quba şəhəri ərazisində yəhudi əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı əvvəllər məlum olmayan faktlar aşkarlanmışdır. “Azərbaycan Respublikası Fövqəladə Təhqiqat Komissiyasının dinc əhalinin erməni quldurları tərəfindən kütləvi şəkildə məhv edilməsi faktlarının təhqiq edilməsi üzrə protokollarından günahsız qətlə yetirilən yəhudilərin adlarını müəyyənləşdirmək mümkün olmuşdur. Onların arasında çoxlu qadınlar, qocalar və uşaqlar var. Amazaspın başçılıq etdiyi erməni quldurları tərəfindən yəhudilərin kütləvi güllələnməsi Şimi çökəkliyində yerinə yetirilmişdi; insanları buraya dəstə-dəstə gətirir, onları təhqir edir – qızları və uşaqları zorlayır, qocaların, yeniyetmələrin burun və qulaqlarını kəsir, sonra öldürürdülər. Cəsədlər burada çökəklikdə, Şimi dərəsində qalırdı”. Bu qırğının ideoloqlarından biri Qaregin Njde (Ter-Arutunyan) idi, onun qanlı əməlləri sonradan Krımda nasist işğalı dövründə də aşkarlanmışdır. Məhz onun təbliğatçıları “Dromedar” zonder-komandasının quldurlarını yarımadanın sakinlərini kütləvi məhv etməyə həvəsləndirirdi. Məsələn, 1941-ci ilin axırlarında Q.Njdenin tərtib etdiyi hesabatda göstərilirdi: “1941-ci ilin 16 noyabrından 15 dekabrına qədər 17645 yəhudi, 2504 karaim, 834 qaraçı gülələnmişdir. Simferopol, Yevpatoriya, Aluşta, Kerç, Feodosiya yəhudilərdən təmizlənmişdir”. Bununla bağlı olaraq, “Dövlət Müdafiə Komitəsinin Krım MSSR ərazisindən bolqarlar, yunanlar və ermənilərdən ibarət 37 000 nəfər alman əlaltısının sürgün edilməsi haqqında 11.05.1944-cü il tarixli 5858 nömrəli qərar” qəbul etməsi tamamilə aydın olur.
Antisemitizm və antitürkizm ideyasının layiqli davamçıları 1975-ci ildə yaradılmış Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu – ASALA olmuşdur. Təşkilatın məqsədi “ənənəvi” erməni torpaqlarının “azad edilməsi”, Türkiyə hökuməti tərəfindən reparasiyanın ödənilməsi və Türkiyənin 1915-ci il “soyqırımı”nı etiraf etməsidir. 1980-ci ildə ASALA-ya İraqda anadan olan Akop Akopyan (Əbu Cihad) rəhbərlik etməyə başladı. Akopyan 1972-ci ildə Münhendə İsrail yığma olimpiya komandası üzvlərinin öldürülməsində fəal iştirak etmişdir. Beləliklə, millətçilik məntiqi erməni şovinistlərini dünya birliyi tərəfindən pislənilən beynəlxalq terrorçu alyansının sıralarına gətirmişdir.

Rəqəmlərdə

  • 165

    Events
  • 10

    Departments
  • 154

    Publications

TƏDBİRLƏRİMİZ