Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilmiş, İnstitutumuzla Vəkillər Kollegiyası arasında anlaşma memorandumu imzalanmışdır

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirlərinin nümayəndələri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutmuşdur.
AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə tədbirdə açılış nitqi ilə çıxış edərək insan hüquqlarının müdafiəsinin əhəmiyyəti, bu istiqamətdə aparılan islahatlar barədə danışmış, bu baxımdan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilməsinin zəruriliyi, Vəkillər Kollegiyası tərəfindən bu sahədə keçirilmiş tədbirlərin önəmini vurğulamışdır. O qeyd etmişdir ki, AMEA Hüquq və İnsan Hüquqları İnstitutu və Vəkillər Kollegiyası arasında bağlanacaq anlaşma memorandumuna əsasən gələcək əməkdaşlığın əsası qoyulacaq, ödənişsiz hüquqi yardım, o cümlədən vəkillərin davamlı tədrisi ilə bağlı birgə tədbirlər keçiriləcəkdir.
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək bildirmişdir ki, bugün – 18 İyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur, Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilmişdir, Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Bu səbəbdən, vəkilliyə namizədlərin andiçmə mərasimi və Vəkillər Kollegiyası ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumunun imzalanmasının məhz bugünə təsadüf etməsi çox əlamətdar hadisədir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti arasında birgə əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” imzalanmışdır.
Tədbirdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və Konstitusiya Hüququ” şöbəsinin müdiri, Xırdalan şəhər Vəkil Bürosunun rəhbəri Ayxan Rüstəmzadənin “Cinayət işləri üzrə qüsurlu tibbi müdaxilə zamanı sübutetmə problərinə praktiki yanaşma” mövzusunda mühazirə dinlənilmişdir.
Daha sonra, vəkilliyə namizədlər çıxış etmiş, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildirmişlər.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içmiş, onlara vəsiqələr təqdim edilmişdir.

Rəqəmlərdə

  • 179

    Events
  • 10

    Departments
  • 165

    Publications

TƏDBİRLƏRİMİZ