“Fiziki imkanlari məhdud olan şəxslərin məşğulluğu problemləri” mövzusunda“Dəyirmi masa”

Azərbaycan Respublikasında fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsilləri prioritet vəzifələrdən sayılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaşlarımızın bu kateqoriyasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir, eyni zamanda ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xöşməramlı səfiri Mehriban xanım Əliyeva da sosial siyasətə verilən böyük önəmi əməli fəaliyyətində hər zaman hiss etdirir, insanların sosial hüquqları ilə bağlı məsələləri nəzarətində saxlayır.
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu da fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparır və tədbirlər təşkil edir. Bu işlərin davamı olaraq, Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının qərarı ilə ötən ilin yanvar ayında institutda “Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedra açıldı.
Kafedranın fəaliyyətdə olduğu ötən bir il ərzində, fiziki imkanları məhdud şəxslərin sosial hüquqları ilə bağlı bir sıra problemli məsələlər müzakirə edilmiş, bu kateqoriyadan olan insanlara diqqət və qayğının artırılması istiqamətində əhəmiyyətli təkliflər vermişdir. Bu qəbildən olan işlərin davamı, eyni zamanda kafedranın növbəti toplantısını təşkil etmək, qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 14 fevral 2019-cu il tarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri” adlı dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə açılış nitqi ilə çıxış edən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Azərbaycan Respublikasında fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların məşğulluğu, sosial-məişət problemlərinin həlli, peşə hazırlığı, iş yerləri ilə təmin olunmasının vacibliyini vurğulamışdır. Xanım natiq bu istiqamətdə görülən işlərin ölkə başçısı cənab İlham Əliyev tərəfindən daim nəzarətdə saxlandığını, həmçinin bu məsələnin ölkəmizdə insan hüquqlarının qorunmasına dəstək olması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Daha sonra tədbir iştirakçıları da çıxış edərək fiziki imkanları məhdud şəxslərin məşğulluq problemləri, sosial hüquqları ilə bağlı problemli məsələləri müzakirə etmiş, əhəmiyyətli təkliflər vermişlər.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi Əmək və Sosial Siyasət Komitəsinin üzvü olan deputatlar, Sosial qanunvericilik şöbəsinin məsul işçiləri, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən müvafiq dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Rəqəmlərdə

  • 170

    Events
  • 10

    Departments
  • 154

    Publications

TƏDBİRLƏRİMİZ