“Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” beynəlxalq seminar

Avropa İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə 05-06 may 2016-cı il tarixlərində Avropa İttifaqının TAİEX Proqramı çərçivəsində “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Seminarın əsas məqsədi ölkəmizdə müvafiq dövlət orqanlarının əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası sahəsində təcrübələrini artırmaq üçün Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında təcrübə mübadiləsinin aparılmasıdır. Tədbirdə Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi,  Dövlət Statistika Komitəsi, Bilik Fondu, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sərhəd Xidməti,  Milli Elmlər Akademiyası, Ombudsman Təsisatı və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş nitqi ilə AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun  elmi işlər üzrə direktor müavini f.e.d Lalə Əhmədova açaraq müasir dövrdə dünyada mövcud olan miqrasiya probleminə toxunmuş, bununla bağlı son dövrlərdə Yaxın Şərqdə, xüsusən də Suriyada baş verən müharibə və zorakılıqların davam etməsi nəticəsində bölgədən Avropaya miqrant axınının qarşısında Avropa ölkələrinin aciz qalmalarını, bu sahədə böyük boşluqların olduğunu qeyd etmişdir. Həmçinin, bildirmişdir ki, suriyalı qaçqın və miqrantlara qarşı Avropada müşahidə olunan qeyri-insani rəftar ciddi insan hüquqları pozuntusu kimi qiymətləndirilməlidir. Halbuki Azərbaycan Respublikası miqrant axını ilə 20 il öncə üzləşdiyi zaman, qaçqın və məcburi köçkünlərin ölkə əhalisinin 1/7-ni təşkil etməsinə baxmayaraq, hüquq pozuntularına yol verilmədən bu problemin həllinə nail olunduğunu vurğulamışdır. L.Əhmədova öz çıxışında əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası sahəsində Avropa İttifaqı ölkələri və Azərbaycan arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır.

AMEA Rəyasət Heyəti Aparatının nümayəndəsi, hüquq elmləri üzrə fəlsəfə dokoru Rasim Ağasıyev öz çıxışında Azərbaycan Respublikasında əməkçi miqrantların hüquqlarının təminatı sahəsində həyata keçirilmiş tədbirlər, bu sahə üzrə ölkədə yaranmış mövcud vəziyyət haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İcraçı direktoru Oktay Səmədov da öz çıxışında əməkçi miqrant probleminin hazırda dünyanın həll etməli olduğu vacib problemlərdən biri olduğunu bildirmişdir.

“Azərbaycan Respublikasında əməkçi miqrantların hüquqları: hazırkı vəziyyət”, “Əməkçi miqrantların beynəlxalq müdafiəsi: Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiya”, “Əməkçi miqrantların hüquqlarının müdafiəsi (ayrı-seçkiliyə və təcridolunmaya qarşı öhdəliklər), məşğulluğa cəlbolunma vasitəsilə inteqrasiya”, “Əməkçi miqrantlar: Azərbaycan Respublikasında onların hüquqi təminatı, sosial müdafiəsi və ailə üzvlərinin hüquqlarının müdafiəsi” və b. mövzularda yerli və Avropa İttifaqı ölkələrindən gəlmiş ekspertlərin çıxışları dinlənilmişdir.

Müzakirələr zamanı əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası probleminin müxtəlif aspektləri ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildirmişlər.

Tədbirdə xarici ekspertlərlə yanaşı, Milli Məclisin deputatları, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və bir sıra ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də digər nazirlik və komitələrin nümayəndələri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Seminarın sonunda çıxış edən AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktor müavini, f.e.d L.Əhmədova, tədbirin həm Azərbaycan, həm də Avropa İttifaqı ölkələri üçün təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamış, müzakirə olunan məsələlərin gələcəkdə ölkəmizdə bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi işinə öz töhfəsini verəcəyinə inamını ifadə etmişdir.

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ