1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində

 

2011-ci il martın 29-da AMEA-nın İnsan Hüquqları İnstitutunda «1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində» mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Tədbirdə  Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Təqdimat mərasimini açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri soyqırımları Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il iyulun 15-də Azərbaycan Milli Hökuməti tərəfindən Gəncədə yaradılmışdır. A.Mustafayevanın bildirdiyinə görə, bu Komissiyanın yaradılmasının iki məqsədi var idi: birincisi, ermənilərin 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımlarla bağlı təhqiqat sənədlərinin toplanması; ikincisi isə, toplanılmış bu sənədlərin dünyanın müxtəlif dillərinə, o cümlədən ingilis, fransız, rus, ərəb və türk dillərində nəşr olunması və beynəlxalq aləmin Azərbaycanın başına gətirilən faciələrlə tanış edilməsi. A.Mustafayeva 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı «31 mart azərbaycanlıların soyqırımı haqqında» Fərmanın aktuallığından danışaraq, 20 ildən artıq müddətdə ermənilərin dövlət səviyyəsində Azərbaycan torpaqlarını işğal altında saxladıqlarını, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu xatırlatdı.

Konfransda Milli Arxiv İdarəsinin rəisi, professor Ataxan Paşayev Fövqəladə Təhqiqat Komissiyasının təşkil edilməsi barədə məruzə etdi. Məruzəsində Komissiyanın formalaşması ilə bağlı tarixi həqiqətləri ortaya qoyan natiq bildirdi ki, yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi bütün çətinliklərinə baxmayaraq, bu Komissiya artıq 1918-ci il avqust ayının ortalarından fəaliyyətə başladı.

Professor Anar İsgəndərov Bakıda və Şamaxıda həyata keçirilən soyqırımla bağlı sənədlər barədə məlumat verdi. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Fövqəladə Təhqiqat Komissiyasının 35 cildlik sənədlərinin əksər hissəsi Bakıda həyata keçirilən, yeddi cildi isə Şamaxıdakı soyqırıma həsr olunub. Bakıda bu qırğın zamanı öldürülən azərbaycanlıların sayı 11 mindən artıq olub. Bakı əhalisinə dəyən maddi ziyan 400 milyon manat qiymətləndirilib. A.İsgəndərov Şamaxı şəhərində 8 000, Şamaxı qəzasında isə 8 000-dən yuxarı azərbaycanlının qətlə yetirildiyini də vurğuladı. Dəyən maddi ziyan ümumilikdə 1 milyard manatdan artıq olub.

Konfransda tarix elmləri üzrə fəlsəfə doktoru Vaqif Abışov «Qubada həyata keçirilən soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində» mövzusunda məruzə ilə çıxış etdi. Onun sözlərinə görə, Qubada həyata keçirilən soyqırım zamanı 16 min insanın həyatına son qoyulub. Lakin Qubada azərbaycanlılarla yanaşı, 3 000-dən artıq yəhudi də soyqırıma məruz qalıb. Qubanın 162 kəndi məhv edilib ki, onlardan da 35-i hal-hazırda da mövcud deyil.

Tədbirdə mövzu ilə bağlı çıxış və müzakirələr aparılmış, mütəxəssislər öz fikir və rəylərini bildirmişlər.

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ