30 yanvar 2020-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda İnstitut və Prof. Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. R. Mustafayev” adına medal və sertifikatın təqdimat mərasimi keçirilib. Qeyd edək ki, professor R.Mustafayev respublikada ilk siyasi elmlər doktoru olmaqla yanaşı, 1993-cü ildə ilk dəfə respublikada yaradılan qeyri-hökumət elmi-tədqiqat intellektual mərkəzin – Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun yaradıcısı və direktoru, 1998-ci ildə Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə yaradılan İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur. O, Azərbaycanda Ombudsman təsisatının yardılması layihəsinin rəhbəri, eyni zamanda “Dirçəliş-XXI əsr” və “Возрождение-XXI век” jurnallarının qurucusu və baş redaktoru kimi fəaliyyət göstərmişdir.