Haqqımızda

İnsan Hüquqları İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində ən gənc institut olmaqla, «İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı ilə yaradılıb. İnstitutun Nizamnaməsi Ədliyyə Nazirliyində 21 iyun 1999-cu il tarixdə qeydiyyata alınmışdır. İnstitutun məqsədi cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsidir.
İnstitut öz elmi-praktik fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və başqa beynəlxalq sənədlərlə təsbit olunmuş mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqları öyrənir, həmçinin bu sahədə beynəlxalq və milli-tarixi təcrübəni tədqiq edir və ümumiləşdirir.
İnstitut Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Azərbaycan Respublikasının Milli Məclisi (parlament),Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Bakı Dövlət Nazirliyi, habelə BMT, Avropa Şurası, NATO, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) kimi beynəlxalq qurumlarla, bir sıra xarici ölkələrin müvafiq elmi-tədqiqat müəssisələri, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir.
İnstitut qısa müddət ərzində elmi fəaliyyətlə yanaşı, beynəlxalq əlaqələrini də genişləndirmiş, ölkənin elmi-mədəni və ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Belə ki, 1999-2011-ci illər ərzində 100-dən çox seminar, treninq və konfrans keçirilmişdir. Bu tədbirlərdə Avropa Şurası, NATO, ATƏT, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatının aparıcı ekspertləri, Avropa ölkələrinin parlament üzvləri iştirak etmişlər. İnstitutun elmi işçiləri, aspirantları və dissertantları tərəfindən bir sıra mühüm layihələr işlənilmiş və dərc edilmişdir. Bunlardan: Azərbaycanda ombudsman təsisatının yaradılması, məhkəmə və penitensiar sistemlərdə, sosial siyasətdə islahatlar, qaçqınların və məcburi köçkünlərin, əlillərin, yetkinlik yaşına çatmayanların hüquqları üzrə, ekoloji problemlərlə bağlı bir sıra hüquqi sənədləri göstərmək olar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində İnstitutun aparıcı tədqiqatlarından biri beynəlxalq terrorizm, insan hüquqlarının qorunması baxımından onunla mübarizə, dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq elmi ictimaiyyətə Azərbaycan haqqında həqiqətlərin çatdırılmasıdır. Müxtəlif dillərdə nəşr edilən elmi araşdırmalarda, elmi-praktik konfranslarda, çoxsaylı ictimai tədbirlərdə transmill mütəşəkkil cinayətkarlığın tərkibi hissəsi kimi erməni terrorizmi, etnokorporativ xarakter alan, sülh və sabitliyə, dözümlülüyə, mehriban qonşuluğa, Cənubi Qafqazda əsas insan hüquq və azadlıqlarına real təhlükə olan ermənilik problemi həmişə gündəmdə olmuşdur.
İlk dəfə olaraq İnstitutun təşəbbüsü ilə II Dünya müharibəsi illərində ermənilərin yəhudiləri kütləvi məhv etməkdə aktiv iştirakı barədə faktoloji material toplanılmışdır; İrəvan xanlığının dövlət atributu – bayrağı bərpa edilmiş və bu torpaqların Azərbaycan xalqına məxsusluğu təsdiq edilmişdir; əzəli Azərbaycan şəhəri olan İrəvanın 1918-ci ildə dünya şöhrətli görkəmli alimlərin iştirakı ilə kompromis kimi paytaxt qismində Ermənistan Respublikasına verilməsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir; Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində qalan mədəni-tarixi abidələrin məhv edilməsinə həsr olunmuş nəşrlər hazırlanmışdır.
Ombudsman (xalq müvəkkili) təsisatının yaradılmasında tarixi və beynəlxalq təcrübənin öyrənilməsi, milli mentalitet nəzərə alınmaqla Azərbaycan mühitində tətbiq edilməsi İnstitutun elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Bu məqsədlə İnstitutun əməkdaşları elmi-tədqiqat işləri aparmış və İnstitut tərəfindən Azərbaycanda Ombudsman təsisatının yaradılması üçün əsas prinsiplər işlənib hazırlanmış, həmin prinsiplər elmi və dövri nəşrlərdə çap olunmuş, adı çəkilən mövzuya həsr edilmiş konfrans və seminarlarda müzakirə edilmişdir. 2001-ci ilin əvvəlində həmin prinsiplər Milli Məclisin İnsan hüquqları daimi komissiyasına təqdim edilmiş və həmin komissiyanın iclasında müzakirə edilərək «Azərbaycan Respublikasında İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında» Konstitusiya Qanununun əsasları kimi qəbul edilmişdir.
Cəmiyyətin hüquqi maariflənməsinin sivil, demokratik, vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında önəmli amillərdən biri olduğunu əsas götürən İnstitut tərəfindən əsas insan hüquq və azadlıqlarının qorunması və təmin olunması sahəsində əhalinin maariflənməsi və təbliğatı üzrə bir sıra tədbirlər keçirilmişdir.
İyirminci əsrin axırlarında dünyada yeni elmi istiqamət – bioetika meydana gəlmişdir. Bu elm etik-hüquqi biliklərin mühüm inkişaf nöqtəsini təşkil edir. Bioetikanın formalaşması və inkişafı ümümilikdə ənənəvi etikanın və xüsusilə də tibbi etikanın transformasiyası prosesi ilə bağlıdır. O, hər şeydən öncə insan hüquqlarına (təbabətdə – bu, pasiyentin, sınaqdan keçirilənin və s. hüquqlardır) kəskin şəkildə artan diqqətlə, hüquqi və əxlaqi tənzimləmələr tələb edən çoxlu kəskin problemlər doğuran yeni tibbi texnologiyaların yaradılması ilə şərtlənmişdir. Onun əsas istiqamətləri gen mühəndisliyi, surroqat analıq, klonlaşdırma, insan orqanlarının transplantasiyası, insanın cinsinin dəyişdirilməsi, həyatın süni şəkildə uzadılması və evtanaziyadır.
2010-cu ildən İnstitutda Bioetika və tibbi hüquq şöbəsi yaradılmışdır. Bu istiqamətdə ilk layihə yeyinti məhsullarının təhlükəsizliyi, ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə yeyinti məhsullarında genetik modifikasiya olunmuş xammaldan istifadənin yolverilməzliyi məsələləri tədqiq edilmişdir. Bioetika çərçivəsində, həmçinin, Azərbaycanda və digər ölkələrdə pasiyentlərin hüquqlarının hüquqi nizamlanması məsələləri araşdırılır.
2010-cu ilin sentyabrında Bioetika və tibbi hüquq şöbəsinin bazasında YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosu yaradıldı, 2010-cu ilin dekabrında isə Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin iştirakı ilə AMEA-nın İnsan Hüquqları İnstitutu və YUNESKO-nun Bioetika Kafedrası arasında əməkdaşlıq haqqında sazişin rəsmi imzalanması keçirildi. Bu tərəfdaşlıq çərçivəsində YUNESKO-nun Baş ofisinin dəstəyi ilə Bioetika və tibbi hüquq kursunun tədris prosesinə daxil edilməsi üçün İnstitutun Bakı Dövlət Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı ilə əməkdaşlığı haqqında müqavilələr də imzalandı.
Bundan başqa, İnstitut 2011-ci ilin may-iyun aylarında Bakıda YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin XVIII sessiyasının təşkil edilməsində və müvəffəqiyyətlə keçirilməsində aparıcı rollardan birini oynamışdır. Sessiyadan sonra İnsan Hüquqları İnstitutundaYUNESKO-nun ekspertləri tərəfindən gələcək bioetika müəllimləri üçün treninq-seminar keçirilmişdir.
İnstitutun bioetika sahəsində uğurlu layihələrindən biri 2011-ci ilin mayında dövlət kanalı olan AzTv-də yeni «Bioetika» televiziya verilişinin açılmasıdır. YUNESKO-nun rəhbərləri bunu çox uğurlu və regionda pioner layihə adlandırmışlar.
İnstitut YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosu ilə birgə Milli Məclisdə müzakirə olunan pasiyentlərin hüquqları, palliativ yardım, sosial xidmətlər və s.lə bağlı qanun layihələrinin ekspertizalarını aparmışdır.

Nəşrlər

Müsahibələr

  • Multikulturalizm

    AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, tarixçi-etnoqraf, politoloq, Gürcü yəhudiləri Bakı dini icması İdarə Heyətinin üzvü Moisey Bekker bildirmişdir ki, həmrəylik fərqli dünyagörüşlərinə, etnos və mədəniyyətlərə tolerant […]

  • Yupiter xəstəliyi və ya Vaşinqtonun səmərəsiz reseptləri

    İkili standartlardan çox yazır və danışırlar. Bu problem söhbət demokratik prinsiplərdən və insan hüquqlarından gedəndə xüsusilə hiss olunur. ABŞ və Avropanın bir sıra aparıcı ölkələri üçün ikili standartlar siyasətin adi […]